Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı iyunun 2-dən 10-dək Konya şəhərində keçiriləcək "Min nəfəs, bir səs" 18-ci Beynəlxalq Türkdilli Ölkələrin Teatr Festivalında iştirak edəcək. 

Teatrdan verilən məlumata görə, səfər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək. Səfər çərçivəsində Akademik Milli Dram Teatrı ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrları Baş İdarəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq. 

Akademik Milli Dram Teatrı iyunun 3-də festivalda Vilyam Şekspirin “Kral Lir” əsəri əsasında hazırlanmış “Kral Lirin faciəsi” tamaşası ilə çıxış edəcək. Tamaşanın quruluş müəllifi və musiqi tərtibatçısı Şota Rustaveli adına Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvarelidze, rejissoru Anar Babalıdır.

Əsərin tərcümə və səhnə variantının müəllifi Kamran Nəzirli, quruluşçu və geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistenti Nərmin Həsənovadır. Səhnə döyüşü və plastik həll Bəhruz Əhmədliyə məxsusdur.

Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı (Kral Lir), Sabir Məmmədov, Əməkdar artistlər Münəvvər Əliyeva, Elnar Qarayev, Anar Heybətov, Elşən Rüstəmov, aktyorlar İlahə Həsənova, Rəbbilə Ələkbərzadə, Tural İbrahimov, Elsevər Rəhimov, Elçin Nurəliyev, Əliulla Vəliyev, Rəvan Səmədov, Vüsal Mustafayev, Kənan Hüseynov, Muhuma Sahov, Rüfət Əhmədov, Fərid Qarayev, Nicat İsgəndərov, Nihad Aslan və Aylin Həşimli iştirak edirlər.