Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə insanların yaşayışı üçün müasir şəraitin yaradılması istiqamətində genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Yeni kənd və yaşayış məntəqələri salınır, infrastruktur müasir standartlara uyğun şəkildə qurulur.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva bu sözləri Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 20-də keçirilən “Mədəni irsin və inklüziv şəhər regenerasiyasının yenidən düşünülməsi” mövzusunda keçirilən paneldə deyib.

O diqqətə çatdırıb ki, bu prosesdə yerli əhalinin ehtiyacları əsas götürülür və onların yeni mühitə uyğunlaşması nəzərə alınır. “Məqsəd odur ki, həyata keçirilən dəyişikliklər cəmiyyət tərəfindən qəbul edilsin və sosial uyğunluq təmin olunsun. Əsas yanaşma balansın qorunmasıdır: tarixi irsin mühafizəsi ilə müasir inkişafın ahəngdar şəkildə uzlaşdırılması vacibdir”, – deyə Səbinə Hacıyeva əlavə edib.

Dövlət Xidmətinin rəisi mədəni irs və inklüzivlik kontekstində Bakının tarixi mərkəzi – İçərişəhərdə görülən işləri də diqqətə çatdırıb. Qeyd edib ki, İçərişəhərin mühafizəsi və qorunması istiqamətində uzun illərdir ardıcıl işlər aparılır. Burada tarixi atmosferin saxlanılması əsas prioritetlərdən biridir.

O bildirib ki, hər yeni dövr özlüyündə tarixi bir mərhələni əks etdirir və bu baxımdan müəyyən məkanların qorunması xüsusi əhəmiyyət daşıyır. Hər bir detal və nüans diqqətlə və ehtiyatla dəyərləndirilməlidir.