AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Nailə Səmədovanın geniş ön söz yazaraq tərtib etdiyi “Şəxsi arxivlərdə memuar nümunələri” ikicildliyi işıq üzü görüb.
Bu barədə instututdan məlumat verilib.
Alimin transfoneliterasiya edib nəşrə hazırladığı I cilddə XIX-XX əsrlərdə yaşayıb-yaratmış ədəbiyyat və mədəniyyət xadimlərimizin Əlyazmalar İnstitutundakı şəxsi arxivlərində saxlanılan memuar nümunələri (tərcümeyi-hal və xatirələr); II cilddə isə rusca qələmə alınmış memuar nümunələrinin Azərbaycan dilinə tərcüməsi və orijinalı verilib.
Kitab filoloqlar, ədəbiyyat tarixi ilə maraqlananlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, yeni nəşrlərin elmi redaktoru akademik Teymur Kərimli, rəyçiləri filologiya elmləri doktorları, professorlar Kamandar Şərifov və Raqub Kərimov, redaktoru Aygün Səmədovadır.
***
Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə institutun Biblioqrafiya şöbəsinin böyük elmi işçisi Sona Xəyalın (Sonaxanım Hadiyeva) transfoneliterasiya edib nəşrə hazırladığı “Tarixi-müqəddəs ənbiya əleyhimissəlam” (“Müqəddəs peyğəmbərlər tarixi”) kitabı da işıq üzü görüb. O, kitaba geniş ön söz yazıb.
Tanınmış ruhani Axund Əbdürrəhim Hadizadənin “Müqəddəs peyğəmbərlər tarixi” kitabı 1910-cu ildə Bakıda çap olunub. Kitabda Adəmdən (ə) İsaya (ə) qədər peyğəmbərlər haqqında məlumat verilir.
Yeni nəşrin redaktoru islamşünas tədqiqatçı Hacı Həsən Hüseyni, rəyçiləri tarix elmləri doktoru, dosent Tahirə Həsənzadə, fəlsəfə elmləri doktoru, dosent Zəkiyyə Əbilova və tarix üzrə fəlsəfə doktoru, dosent Aynur Hacıqədirlidir.





















