Bakıda davam edən BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) təşkilatçılığı ilə Türkiyə pavilyonunda “İrsdən dayanıqlılığa doğru: Türk evləri” mövzusunda panel sessiya keçirilib.

TMİF-in layihə rəhbəri Nuri Aksunun moderatorluğu ilə keçirilən paneldə ənənəvi türk evlərinin memarlıq kimliyinin qorunması, mədəni irs vasitəsilə şəhər dayanıqlılığının artırılması və tarixi şəhərlərdə davamlı bərpa təcrübələri müzakirə edilib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Bakıda belə nüfuzlu tədbirin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, WUF13-ün bu formatı hökumətlər, alimlər, memarlar, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri üçün mühüm qlobal platforma rolunu oynayır.

Aktotı Raimkulova qeyd edib ki, türk evləri sadəcə yaşayış məkanı deyil, həm də sosial harmoniya, təbiətlə uyğunlaşma və icmaəsaslı yaşam mədəniyyətinin təcəssümüdür. Onun sözlərinə görə, ənənəvi memarlıq irsinin qorunması davamlı inkişafın mühüm tərkib hissəsidir.

Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universitetinin Memarlıq fakültəsinin fəxri professoru Oğuz Ceylan məruzə ilə çıxış edib. O, dayanıqlı və davamlı şəhər mühitinin formalaşdırılmasında ənənəvi ev modellərinin rolundan danışıb, bu təcrübələrin müasir şəhərsalma yanaşmaları ilə inteqrasiyasının vacibliyini diqqətə çatdırıb.

Panel sessiyada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Əhməd Metin Gənc və qazaxıstanlı arxeoloq Sauran Kaliyev öz ölkələrinin bu sahədəki təcrübələrini bölüşüblər.

Çıxışlarda ənənəvi memarlıq irsinin qorunması, bərpası və müasir şəhərsalma proseslərinə inteqrasiyasının əhəmiyyəti xüsusi vurğulanıb.

Həmçinin ənənəvi memarlıq nümunələrinin yalnız tarixi dəyər daşımadığı, eyni zamanda müasir şəhərlərin ekoloji dayanıqlılığına və sosial harmoniyasına mühüm töhfə verdiyi bildirilib. Bu baxımdan irsin qorunması və yenidən dəyərləndirilməsi vacib istiqamət kimi diqqətə çatdırılıb.

Panelin yekununda bildirilib ki, türk dövlətləri arasında ortaq memarlıq irsinin qorunması və onun müasir şəhərsalma modellərinə inteqrasiyası istiqamətində daha güclü əməkdaşlıq şəbəkəsinin yaradılması hədəflənir.