AMEA Arxeologiya və Antropologiya İnstitutunun muzey-sərgi zalında 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Bakı şəhəri Əmi Məmmədov adına 101 saylı tam orta məktəbin 6 “C” sinif şagirdləri üçün ekskursiya və keramika sənətinə dair ustad dərsi keçirilib.

Tədbir institutun Elmi ekspozisiyanın təşkili şöbəsinin nəzdində fəaliyyət göstərən “Arxeoloji dərnək” üzvlərinin təşəbbüsü və “Arxeokids” layihəsi əsasında gerçəkləşib.

Şöbənin müdiri Orxan Zamanov ekspozisiyadakı hər bir vitrin, xüsusilə keramika nümunələri haqqında şagirdlərə məlumat verib.

Şagirdlər ekspozisiyada arxeoloji eksponatlar, qədim maddi-mədəniyyət nümunələri və tarixi tapıntılarla tanış olub, vitrinlər üzrə aparılan izahatlar vasitəsilə Azərbaycanın qədim tarixi və mədəni irsi haqqında bilgi əldə ediblər.

Tədbirin növbəti mərhələsində iştirakçılar üçün gil keramika sənətinə dair videomaterial nümayiş etdirilib.

Peşəkar rəssam-keramist Səidə Musayeva və institutun əməkdaşı Nurlana Həsənovanın iştirakı ilə gil keramika sənətinin nəzəri və praktiki əsaslarını əhatə edən yaradıcılıq məşğələsi təşkil olunub. S.Musayeva tərəfindən uşaqlara gillə işləmə texnikası, materialın xüsusiyyətləri, təhlükəsizlik qaydaları və yaradıcılıq prosesi zamanı davranış prinsipləri barədə praktiki təlimat verilib.

Gildən müxtəlif fiqurlar və məişət əşyaları hazırlayan şagirdlər tədbirin onlar üçün maraqlı, maarifləndirici və fərqli təcrübə olduğunu, burada yeni biliklər qazandıqlarını, həm də yaradıcı fəaliyyət prosesində əyləncəli və səmərəli vaxt keçirdiklərini qeyd ediblər.

Sinif rəhbəri Fatma Qasımova tədbirin təşkilində əməyi olan institut əməkdaşlarına, layihənin təşəbbüskarlarına və ustad dərslərinin təşkilatçılarına təşəkkürünü bildirib.