AMEA Arxeologiya və Antropologiya İnstitutunun və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Rəqəmsallaşdırma kontekstində mədəni irsin qorunması və tədqiqi” mövzusunda seminar keçirilib. Seminar 18 may – Beynəlxalq Muzeylər Gününə həsr edilib.
Bu barədə institutdan məlumat verilib.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi dosent Sevinc Nəsirova muzeylərin rəqəmsal transformasiyasının əhəmiyyətindən bəhs edib, müasir texnologiyaların ekspozisiya və elmi-tədqiqat sahəsində yaratdığı imkanları diqqətə çatdırıb.
Arxeologiya və Antropologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini dosent Şövqü Həsənov rəqəmsal humanitar elmlərin inkişafının mədəni irsin qorunması baxımından əhəmiyyət daşıdığını vurğulayıb.
Seminarda institutun Elmi ekspozisiyanın təşkili şöbəsinin böyük elmi işçisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru Məlahət Fərəcova açıq səma altında olan muzeylərdə rəqəmsal texnologiyaların tətbiqi və müasir ekspozisiya metodları haqqında məruzə ilə çıxış edib.
İnstitutun Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması şöbəsinin müdiri dosent Mikayıl Mustafayev arxeoloji abidələrin rəqəmsal qeydiyyatı və elektron bazaların formalaşdırılması istiqamətində görülən işlərdən bəhs edib.
Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçiləri, tarix üzrə fəlsəfə doktorları Aida İsmayılova və Laçın Mustafayev muzey fondlarının rəqəmsallaşdırılması, eləcə də mədəni irsin tədqiqində innovativ yanaşmaların tətbiqi ilə bağlı fikirlərini iştirakçılarla bölüşüblər.
İnstitutun Elmi ekspozisiyanın təşkili şöbəsinin müdiri Orxan Zamanov da mövzu ilə bağlı çıxış edib.
Çıxışlarda qeyd olunub ki, rəqəmsallaşdırma prosesi müasir dövrdə muzey fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilib və bu sahədə tətbiq olunan yeni texnologiyalar mədəni irsin gələcək nəsillərə daha etibarlı şəkildə ötürülməsinə xidmət edir.























