Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Məmmədhüseyn Təhmasibin (1907–1982) “Çiçəkli dağ” pyesinin motivləri əsasında hazırlanan “Çiçəkli dağın sirri” tamaşasının məşqləri başlanıb.

Bu barədə teatrdan məlumat verilib.

Tamaşanın quruluşçu rejissoru və səhnələşdirəni Elməddin Dadaşov yaradıcı heyətlə görüş zamanı yeni səhnə əsərinin ideyası, estetik həlli və musiqi tərtibatı barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, Azərbaycan mifologiyasına söykənən bu musiqili əfsanə uşaqlarla yanaşı, böyüklər üçün də maraqlı və düşündürücü səhnə əsəri olacaq.

Qeyd olunub ki, M.Təhmasibin 1935-ci ildə yazdığı pyes 1959-cu ildə kinorejissor, Əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyev tərəfindən “Bir qalanın sirri” adı ilə ekranlaşdırılıb. Film bədii həlli, eyni zamanda görkəmli bəstəkar, SSRİ Xalq artisti Rauf Hacıyevin musiqiləri ilə böyük tamaşaçı sevgisi qazanıb.

Bildirilib ki, pyesin səhnə həllində məşhur filmin musiqi parçaları yenidən istifadə olunacaq, həmçinin R.Hacıyevin dörd irihəcmli əsəri tamaşaya əlavə edilib. Musiqi materiallarının redaktəsi və orkestrləşdirilməsi bəstəkar, Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev tərəfindən həyata keçirilib.

Tamaşanın quruluşçu dirijoru Səməd Süleymanlı, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, geyim üzrə rəssamı Nübar Hüseynova, xormeysteri Məlahət Qasımova, döyüş səhnələrinin quruluşçusu Zaur Əliyev, konsertmeysteri Fidan Məmmədova, rejissor assistenti isə Çimnaz Bağırovadır.

Səhnə əsərində Əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, Nadir Xasiyev, həmçinin aktyorlar Mehriban Zaliyeva, Səməd Xasiyev, Türkel Tariqpeyma, Əmrah Dadaşov, Elxan İsmayılov, Faiq Mirzəyev, Əliməmməd Novruzov, Hüseyn Əlili, Ruslan Mürsəlov, Fərid Rzayev, Cəbrayıl Cəbrayılov, Zaur Əliyev, Əli Kərimov, Murad Əliyev, Kamil Cəfərov, eləcə də teatrın xor və balet artistləri iştirak edəcəklər.