Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Dövlət "Yuğ” Teatrı qonaqlar üçün repertuarında olan dörd tamaşanı nümayiş etdirəcək.

Teatrdan bildirilib ki, mayın 16-da (saat 19:00) Xalq yazıçısı Anarın “Asqılıqda işləyən qadının söhbəti” hekayəsinin motivləri əsasında hazırlanmış “Asılqan” tamaşası təqdim olunacaq. Tamaşanın quruluşçu rejissoru Əbdülqəni Əliyevdir. Səhnə əsərində rolları aktyorlar Elşən Əsgərov və Nigar Mürsəlova canlandıracaq.

Mayın 17-də (saat 19:00) görkəmli mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Mənəm, mən...” tamaşası nümayiş etdiriləcək. İlqar Fəhminin əsəri əsasında, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda hazırlanan tamaşada Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Amid Qasımov, Elgün Həmidov və Elşən Əsgərov iştirak edəcəklər.

2024-cü ildə keçirilmiş CHARACTERS müasir dramaturgiya festivalının qalibi olmuş “Arqon” pyesi əsasında hazırlanan eyniadlı tamaşa isə WUF13 çərçivəsində mayın 19-da (saat 19:00) nümayiş olunacaq. Şəbnəm Xeyrullanın əsəri əsasında, Ruslan İsmayılovun quruluşunda hazırlanan monotamaşada Oqtay Mehdiyev çıxış edəcək.

Türk dramaturq Toyğun Orbayın əsəri əsasında, Mikayıl Mikayılovun quruluşunda hazırlanan “21:15 qatarı” tamaşası mayın 21-də (saat 19:00) təqdim ediləcək. Tamaşada rolları aktyorlar Elgün Həmidov, Zümrüd Qasımova və Vüqar Hacıyev ifa edəcəklər.