AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi dosent Rübabə Şirinovanın “XIII əsr ilahiyyat abidəsi: “əl-Viqayə” əsəri” mövzusunda mühazirəsi dinlənilib.
İnstitutdan bildirilib ki, seminara Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetinin tələbələri, o cümlədən “Könüllülük” layihəsinin iştirakçıları qatılıb.
Seminarda XIII əsrin mühüm və klassik əsərlərindən biri olan “əl-Viqayə” haqqında, bu əsərə yazılmış şərhlər, haşiyələr, təliqlər, əsərin türk, fars və rus dilində olan tərcümələri barədə ətraflı məlumat verilib. Tələbələrə Əlyazmalar İnstitutunun fondunda saxlanılan ərəbdilli əlyazma nüsxələrindən nümunələr göstərilib.
Tələbələrin elmi-tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, onların müvafiq fənlər üzrə praktik biliklərinin artırılması və ixtisas səviyyələrinin gücləndirilməsi məqsədilə Əlyazmalar İnstitutunun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş seminarların may ayının sonuna qədər davam etdirilməsi nəzərdə tutulub.






















