Əcəmi Naxçıvani Azərbaycan mədəniyyəti tarixində parlaq mərhələ sayılan Atabəylər dövrünün görkəmli simalarından biridir. Atabəylər dövlətinin himayəsi altında formalaşan zəngin mədəni mühit bir sıra dahi şəxsiyyətlərin yetişməsinə şərait yaradıb, onların yaradıcılığı isə sonrakı əsrlərə dərin təsir göstərib. Məhz belə bir mühitdə fəaliyyət göstərən Əcəmi Naxçıvani öz bənzərsiz memarlıq üslubu ilə Azərbaycan və ümumilikdə Yaxın Şərq memarlıq tarixində silinməz iz qoyub. Böyük sənətkarın günümüzə qədər gəlib çatan Möminə Xatun türbəsi, Yusif-Küseyr türbəsi və digər möhtəşəm memarlıq abidələri yalnız dövrünün deyil, bütün zamanların nadir incilərindən hesab olunur.
Əcəmi Naxçıvaninin 850 illik yubileyinin Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə təntənəli şəkildə qeyd edilməsi onun zəngin yaradıcılığına verilən yüksək qiymətin bariz nümunəsidir.
2026-cı ildə Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illiyi tamam olur. Prezident İlham Əliyev yubileyin keçirilməsi haqqında Sərəncam imzalayıb. Əcəmi Naxçıvaninin 900 illiyi UNESCO-nun yubileylər proqramına daxil edilib, bu münasibətlə təşkilatın Parisdəki mənzil-qərargahında memarın irsinə həsr edilmiş sərgi açılıb.
Bütün bunlarla yanaşı indiyədək Əcəmi Naxçıvaniyə həsr olunmuş biblioqrafik göstərici tərtib edilməyib.
Azərbaycan Milli Kitabxanası bunu nəzərə alaraq “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası çərçivəsində Əcəmi Naxçıvaniyə həsr olunmuş əhatəli biblioqrafik vəsait hazırlayıb.
Kitabxanadan verilən məlumata görə, fundamental vəsait 1927-2026-cı illəri əhatə edir və görkəmli memarın zəngin irsini, həyat və fəaliyyətini əks etdirən materialları özündə cəmləşdirir.
Biblioqrafik göstəricidə Azərbaycan və xarici dillər üzrə olan materiallar müvafiq bölmələrdə təqdim olunmuş, xronoloji ardıcıllıq və əlifba prinsipləri əsasında qruplaşdırılıb. Göstəricinin sonunda müəlliflərin əlifba göstəriciləri verilib. Bundan əlavə, biblioqrafiyada memarın yaradıcılığı haqqında xarici ölkə kitabxanalarında mühafizə olunan materiallar da öz əksini tapıb.



















