Mayın 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi münasibətilə Vilyam Şekspirin "Kral Lir" əsəri əsasında benefis tamaşanın premyerası olub.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Şota Rustavelli adına Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvarelidze, rejissoru Anar Babalıdır. Əsərin tərcümə və səhnə variantının müəllifi Kamran Nəzirli, quruluşçu və geyim üzrə rəssam Vüsal Rəhim, işıq üzrə rəssam Rafael Vaqifoğlu, rejissor assistenti Nərmin Həsənovadır. Səhnə döyüşü və plastik həll Bəhruz Əhmədliyə məxsusdur.
Yeni yaradıcılıq işində Xalq artistləri Nurəddin Mehdixanlı (Kral Lir), Sabir Məmmədov, Əməkdar artistlər Münəvvər Əliyeva, Elnar Qarayev, Anar Heybətov, Elşən Rüstəmov, aktyorlar İlahə Həsənova, Rəbbilə Ələkbərzadə, Tural İbrahimov, Elsevər Rəhimov, Elçin Nurəliyev, Əliulla Vəliyev, Rəvan Səmədov, Vüsal Mustafayev, Kənan Hüseynov, Muhuma Sahov, Rüfət Əhmədov, Fərid Qarayev, Nicat İsgəndərov, Nihad Aslan və Aylin Həşimli iştirak edirlər.
"Kral Lir"in əsas ideyası iyerarxik sistemin süqutu, yalan və yaltaqlıqdan kənarda həqiqi dəyərlərin axtarışı, nizamla xaosun toqquşması, eləcə də mənəvi qanunlar və cəzanın labüdlüyü ilə bağlıdır.
Tamaşa 13-14 may tarixlərində də teatrın səhnəsində təqdim olunacaq.
***
“Kral Lir” tamaşası vasitəsilə həm özümə, həm də tamaşaçıya bir növ yaradıcılıq hesabatı təqdim etdim. Bu illər ərzində qazandığım təcrübəni, öyrəndiklərimi və bacarıqlarımı səhnədə nümayiş etdirdim. İnanıram ki, “Kral Lir” tamaşası teatrın tarixində mühüm yer tutacaq.
Bunu Xalq artisti Nurəddin Mehdixanlı deyib. O diqqətə çatdırıb ki, ikihissəli tamaşada ümumilikdə 18 aktyor iştirak edir, onlardan 12-si gənc aktyor və tələbələrdir.
“Yeni səhnə əsəri texniki heyətin və yaradıcı kollektivin birgə zəhməti sayəsində ərsəyə gəlib. Teatr kollektivinə dərin təşəkkürümü bildirirəm ki, 70 illik yubileyim münasibətilə belə möhtəşəm tamaşanın təqdim olunması üçün şərait yaradıb”, - deyə N.Mehdixanlı əlavə edib.



























