Azərbaycan xalqının zəngin milli dəyərləri, tarixi-mədəni irsi əsrlərdən keçərək günümüzədək gəlib çıxmışdır. Bu xüsusda milli irsə, mədəni dəyərlərə, onların qorunmasına töhfələr verən görkəmli şəxsiyyətlərin mühüm rolu qeyd ediılməlidir. Ulu öndər Heydər Əliyevin fəaliyyəti, şəxsiyyəti hər zaman xalqımızın zəngin mədəni irsi ilə bağlı olmuşdur.
Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə dərin məhəbbətlə yanaşan Heydər Əliyev Azərbaycan mədəniyyətini, mənəvi dəyərləri təkcə milli varlıq kimi deyil, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.
Ulu öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır.
Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Bizim nəsil xoşbəxtdir ki, Heydər Əliyevlə bir epoxada yaşamaq bizə nəsib oldu və onun mədəni irsimizə göstərdiyi böyük qayğının şahidi olduq.
“Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir” deyən Ulu öndərin bu irsə diqqət və qayğısının bariz nümunələrindən biri də 1983-cü ildə “Qədim Şabran” abidəsini ziyarət etməsi olmuşdu. O, AMEA-nın arxeoloqu,tarix elmlər doktoru,professor Rəşid Göyüşovun rəhbərliyi altında keçirilən arxeoloji qazıntılarla yaxından tanış olmuş, bu haqda belə bir fikir söyləmişdir: “Şabran bizim 2300 illik şəhər mədəniyyətini özündə yaşadır. Bura baxdıqca biz həmin dövrün istehsal mədəniyyətini öyrənirik.Belə bir abidənin məhv olmaması və tarixdə qalması, yaşaması üçün əlimizdən nə gəlirsə, etməliyik”.
Qədim Şabran abidəsində qazıntı işlərində yaxından iştirak edən digər bir arxeoloqumuz Fatma Abbasova da Ulu öndərlə görüşündən sonrakı təəssüratlarını belə ifadə etmişdir: “Bəşər tarixində Yer üzünə elə insanlar gəlmişdir ki, onlar üçün Vətənin, xalqın, ümumiyyətlə, dünyadakı bütün insanların taleyi öz həyatlarından daha qiymətli, daha üstün olmuşdur. Bu insanların həqiqətən bütün bəşəriyyət üçün zəruri olan təbiətdəki, cəmiyyətdəki-ictimai inkişafındakı bir çox dəyişikliklərin səbəbkarı hesab etmək olar. Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyev də belə nadir şəxsiyyətlərdən biri idi. Həyatın bütün sahələrində qeyri-adi fenomenlik qabiliyyətinə malik olması ilə fərqlənən bu şəxsiyyətin Azərbaycan xalqının zəngin mədəni irsinin öyrənilib, qorunub saxlanılmasında xidmətləri böyük olmuşdur”.
Məhz Ulu öndərin 2003-cü ildə imzaladığı sərəncamlarla Şabran rayon ərazisində iki tarixi abidə – “Çıraqqala” (23 iyun 2003-cü il tarixli 1262 nömrəli Sərəncam) və “Qədim Şabran” (27 sentyabr 2003-cü il 1343 nömrəli Sərəncam) abidələri qoruq elan edildi. Bu tarixi sərəncamların məqsədi həmin abidələrin ilk növbədə qorunması, təbliğini təşkil etmək və gələcək nəslə olduğu kimi çatdırmaq idi. Hər iki tarixi abidə qoruq elan olunduğu gündən etibarən işçi heyəti tərəfindən həm qorunur, həm də təbliğ olunaraq tanıdılır.
Ulu öndərin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi dövründə də tarixi və mədəni abidələrin qorunması, bərpası və beynəlxalq səviyyədə təbliği dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu fəaliyyət həm ölkə daxilindəki abidələri, həm də işğaldan azad edilmiş ərazilərdəki mədəni irsi əhatə edir.
Prezidentin imzaladığı sərəncamlarla ölkə daxilindəki qoruqlarda birləşmə, bərpa və konservasiya, idarəetmənin təkmilləşdirilməsi prosesləri də son illərdə böyük vüsət almışdır. Prezident İlham Əliyevin 22 oktyabr 2019-cu il tarixli 1498 saylı Sərəncamına əsasən, “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi birləşdirilərək “Çıraqqala-Şabran” Dövlət Tarix Mədəniyyət Qoruğu elan edilib. Birləşmədən sonra “Çıraqqala- Şabran” qoruğunun tərkibinə ümumilikdə yeddi abidə daxil edilmişdir. Qoruq ərazisinə daxil edilən hər bir abidə həm mühafizə, həm tədqiq, həm də təbliğ olunur. Məqsəd isə birdir: ulu babalarımızın bizə miras qoyduğu, qədim tarixi özündə yaşadan abidələri qorumaq və gələcək nəsillərə olduğu kimi çatdırmaq.
Vüsalə Bəbirova
“Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun baş fond mühafizi





















