AMEA-nın Folklor İnstitutunun elmi-ədəbi nəşri olan “Dədə Qorqud” jurnalının növbəti nömrəsi (2025-ci il IV, 91) işıq üzü görüb.
Folklor İnstitutundan bildirilib ki, toplunun bu nömrəsində qorqudşünaslıq, folklorşünaslıq istiqamətində elmi məqalələr, təqdimat-resenziya və müxtəlif bölgələrdən toplanmış folklor materialları yer alıb.
“Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölməsində professor Ramazan Qafarlı, filologiya üzrə fəlsəfə doktoru Xalidə Mete və İmran Verdiyevın məqalələri təqdim olunub.
“Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində isə filologiya elmləri doktoru Hikmət Quliyevin “Azaflı” təxəllüsünün psixosemantikası: sosial protestin latent məna qatı” adlı məqaləsi, professor R.Qafarlının “Sarı gəlin” xalq mahnısı ilə bağlı araşdırması, Əpoş Vəliyevin “Naxçıvanda qədim çörək bişirmə ənənəsi”, Orxan İsayevin “Koroğlu dastanında İraq-Türkman izi”, Elçin Qaliboğlunun “Oğuznamə”lərdə mifik yaradılış konsepsiyası və Samir Səttarovun rus dilində təqdim olunan məqaləsi yer alıb.
“Yeni nəşrlər” bölməsində Asif Hacılının professor R.Qafarlının elmi yaradıcılığına həsr olunmuş resenziyası təqdim edilib.
“Azərbaycan folklorundan yeni nümunələr” bölməsində Yardımlı folklor ekspedisiyası materialları, Qərbi Azərbaycan folklor nümunələri və “Koroğlu” dastanının Təbriz variantı dərc olunub. Variantın Həsən Dilavər tərəfindən Aşıq Əli Kərimidən qeydə alındığı bildirilir.
Qeyd edək ki, “Index Copernicus” sisteminə daxil olan “Dədə Qorqud” elmi-ədəbi toplusunda işıq üzü görən məqalələr 2023-cü ildən həm də DOI indeksi ilə dərc edilir.
AMEA Folklor İnstitutu Elmi şurasının qərarı ilə çap olunan toplu qorqudşünaslıq, folklorşünaslıq, türk epik yaddaşı, aşıq sənəti, regional folklor mühiti və müasir mədəni irs problemlərinin araşdırılması baxımından mühüm elmi platformadır.
Jurnalın baş redaktoru filologiya elmləri doktoru, professor Ramazan Qafarlıdır. Redaksiya heyətində Azərbaycan və türk dünyasının tanınmış alimləri təmsil olunur.



















