Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin (RMİ) və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Sözün izi ilə: 21 sualda bir ömür” adlı tədbir keçirilib.
Bu barədə regional idarədən məlumat verilib.
Mayın 7-də Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Gülnar Quluyeva, Qazax-Tovuz RMİ-nin rəis əvəzi Səbuhi Xasməmmədov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Gülnar Qəhrəmanova, YAP rayon təşkilatının sədri Anar Nəbiyev, mədəniyyət müəssisələrinin əməkdaşları və tələbələr iştirak ediblər.
Tədbir çərçivəsində Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş kitab və fotoşəkillərdən ibarət “Əlçatmaz zirvə” adlı sərgi təşkil edilib. Kollecin tələbələri tərəfindən Heydər Əliyevin sevdiyi sənət nümunələrinə həsr olunan rəsm əsərləri nümayiş etdirilib.
Tədbirin əvvəlində Ümummilli liderə həsr edilmiş film nümayiş olunub.
Çıxış edənlər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən ətraflı bəhs ediblər.
Bədii hissədə Ümummilli lider Heydər Əliyevin müxtəlif illərdə ona ünvanlanan suallara verdiyi dərin məzmunlu, müdrik və tarixi əhəmiyyət daşıyan cavablardan seçilmiş nümunələr kollecin tələbələri tərəfindən bədii qiraət formasında təqdim edilib.
Tədbir Qazax-Tovuz RMİ-nin təşkil etdiyi konsert proqramı ilə davam edib. Gülnar Məmmədovanın ifasında “Əziz ana”, “Küçələrə su səpmişəm”, Ramal Balacanovun oxuduğu “Alagöz”, “Sən elə bir zirvəsən” mahnıları alqışlarla qarşılanıb.

























