Azərbaycan Memarlar İttifaqı və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş “Azərbaycan memarlıq irsinin dühası” kitabının və hədiyyə poçt markalarının təqdimat mərasimi keçirilib.
Azərbaycan, rus, ingilis dillərində nəşr edilən kitabın müəllifi memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyevadır.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib ki, təqdim olunan kitab üç dildə nəşr olunub və Azərbaycan memarlıq irsini, eləcə də Əcəmi Naxçıvaninin zəngin yaradıcılığını dünya ictimaiyyətinə daha yaxından tanıdır. O, layihənin həyata keçirilməsində Azərbaycan Memarlar İttifaqının və nəşrin hazırlanmasında əməyi keçən hər kəsin xüsusi rolunu qeyd edərək onlara təşəkkürünü bildirib.
A.Raimkulova vurğulayıb ki, 2025-ci il dekabrın 15-də Parisdə, UNESCO-nun mənzil-qərargahında keçirilən Türk Dilləri Ailəsi Günü çərçivəsində Əcəmi Naxçıvaninin 900 illik yubileyi beynəlxalq səviyyədə qeyd olunub. Tədbir zamanı sözügedən kitabın təqdimatı keçirilib, eyni zamanda, dahi memarın zəngin yaradıcılıq irsini əks etdirən sərgi təşkil edilib.
Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə çıxışında bildirib ki, Əcəmi Naxçıvani Azərbaycan memarlığında Naxçıvan memarlıq məktəbinin əsasını qoymuş ən görkəmli memarlardan biridir. Qeyd edib ki, Azərbaycan qədim və zəngin memarlıq ənənələrinə malik ölkədir. Təbriz, Naxçıvan, Şirvan-Abşeron və Qarabağ memarlıq məktəbləri əsrlər boyu formalaşaraq özünəməxsus üslubu və bədii xüsusiyyətləri ilə seçilib, dünya memarlıq tarixində mühüm yer tutub.
E.Qasımzadənin sözlərinə görə, xüsusilə Təbriz memarlıq məktəbinin ustaları uzaq Şərqdən Qərbə – Kordovayadək uzanan geniş coğrafiyada böyük iz qoyaraq bəşəri memarlıq irsinə dəyərli töhfələr veriblər.
Sonra Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayevin videomüraciəti nümayiş olunub.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu çıxışında bildirib ki, Azərbaycan torpağı əsrlər boyu istedadlı insanlar yetişdirib. Həmin görkəmli şəxsiyyətlər elə zəngin irs qoyublar ki, bu gün də insanlar həmin irsi öyrənir, araşdırır, haqqında kitablar yazılır, filmlər çəkilir və Azərbaycan tarixi dünya ictimaiyyətinə təqdim olunur.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli təqdimatı keçirilən kitabı müstəqillik dövrünün baxışları fonunda sanballı nəşr kimi qiymətləndirib.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında bildirib ki, Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd olunması, eləcə də yubiley tədbirlərinin UNESCO-nun 2024–2025-ci illər üzrə əlamətdar hadisələr proqramına daxil edilməsi dahi memarın irsinin beynəlxalq səviyyədə tanınmasının mühüm göstəricisidir. Əcəmi Naxçıvani tərəfindən yaradılmış və günümüzədək qorunub saxlanılan Möminə xatun türbəsi və Yusif Küseyir oğlu türbəsi Azərbaycan memarlığının həm estetik, həm də mühəndislik baxımından ən nadir incilərindəndir. Memarın tətbiq etdiyi konstruktiv həllər, riyazi dəqiqliklə qurulmuş ornamentlər dövrünün yüksək elmi-texniki nailiyyətlərini əks etdirir və Azərbaycan memarlığının inkişaf səviyyəsini nümayiş etdirir. Bu zəngin irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması dövlətin mədəniyyət siyasətinin əsas istiqamətlərindən biridir.
Müəllif Rahibə Əliyeva “Azərbaycan memarlıq irsinin dühası” kitabının yazılmasını zəruri edən səbəblərdən danışıb, iştirakçılara Əcəmi Naxçıvaninin dövrü, həyatı və yaradıcılığının nəfis tərtibatlı, illüstrativ nəşrdə necə işıqlandırılması barədə ətraflı məlumat verib.
Tədbir bədii hissə ilə davam edib.























