Əminə Əliyeva: “Beynəlxalq səhnədə Azərbaycan rəqs mədəniyyətini təmsil etmək böyük məsuliyyət və qürur hissidir”
Xəbər verdiyimiz kimi, Bakı Xoreoqrafiya Akademiyasının bakalavr pilləsinin II kurs tələbəsi, “Cəngi” Estrada-Folklor Mahnı və Rəqs Ansamblının üzvü Əminə Fərhad qızı Əliyeva Özbəkistanın Xivə şəhərində keçirilmiş III Beynəlxalq “Lazgi” Rəqs Festivalında uğurla çıxış edərək “Ən yaxşı solo ifaçı” nominasiyasında II yerə layiq görülüb.
Gənc ifaçı medeniyyet.info.az saytına müsahibəsində festival təəssüratını bölüşüb, əldə etdiyi nailiyyətin əhəmiyyət və gələcək planları barədə danışıb.
– Əminə xanım, ilk olaraq sizi bu uğur münasibətilə təbrik edirik. “Lazgi” festivalında iştirakınız necə baş tutdu və bu tədbir sizin üçün nə ilə yadda qaldı?
– Təşəkkür edirəm. Bu festivalda iştirak etmək mənim üçün həm böyük şərəf, həm də məsuliyyət idi. 25–30 aprel tarixlərində keçirilən III Beynəlxalq Rəqs Festivalı “Lazgi”də 30-dan çox ölkədən 250-dən artıq iştirakçı və qonaq iştirak edirdi. Hər kəs öz ölkəsinin milli rəqs və musiqi ənənələrini təqdim edərək çox zəngin və rəngarəng mədəni mühit yaratmışdı. Bu, sadəcə müsabiqə deyil, eyni zamanda mədəniyyətlərarası dialoq platforması idi.
– Müsabiqə proqramı çərçivəsində hansı çıxışlarla iştirak etdiniz?
– Mən iki rəqs ifa etdim. Birincisi Azərbaycan milli rəqsi “Ağ çiçəyim”, ikincisi isə özbək xalq rəqsi “Lazgi” idi. Hər iki rəqs fərqli üslub və texnika tələb edir. Azərbaycan rəqsi daha zəriflik, incə plastika və emosional ifadə üzərində qurulubsa, “Lazgi” daha çox ritmik dinamika və xarakterik hərəkətlərlə seçilir. Bu iki fərqli mədəniyyətin səhnədə vəhdətini göstərmək mənim üçün çox maraqlı və məsuliyyətli bir təcrübə oldu. Qeyd etmək istərdim ki, rəqs sənətinə ilk addımlarımı atdığım dövrdə “Ağ çiçəyim” rəqsinin incəliklərini və ifa xüsusiyyətlərini mənə ilk müəllimim olan anam, Natəvan Əliyeva tərəfindən öyrədilib.
– Rəqabət mühiti barədə nə deyə bilərsiniz?
– Rəqabət kifayət qədər güclü idi. Festivalda peşəkar rəqqaslar və kollektivlər iştirak edirdi. Hər bir iştirakçı yüksək səviyyədə hazırlanmışdı və səhnədə tam peşəkarlıq nümayiş etdirirdi. Bu da öz növbəsində məni daha məsuliyyətli və diqqətli olmağa sövq edirdi.
– Müsabiqənin nəticəsi sizin üçün hansı mənanı ifadə edir?
– Münsiflər heyətinin qərarı ilə “Ən yaxşı solo ifaçı” nominasiyasında II yerə layiq görülmək mənim üçün böyük uğurdur. Xüsusilə qeyd etmək istərdim ki, bu, keçirilən üç festival ərzində Azərbaycandan solo ifaçı kimi ilk mükafatdır. Bu fakt mənim üçün həm qürurverici, həm də daha böyük məsuliyyət yaradan bir göstəricidir.
– Festivalın təşkilati və bədii tərəfləri haqqında fikirlərinizi bölüşərdiniz.
– Festival yüksək səviyyədə təşkil olunmuşdu. Açılış mərasimi çox təsirli idi — Özbəkistanın aparıcı milli kollektivləri ənənəvi rəqs və musiqi nömrələri ilə çıxış etdilər. Yekunda keçirilən qala-konsert isə əsl sənət bayramına çevrildi. Hər bir detalın peşəkar şəkildə düşünülməsi tədbirin nüfuzunu daha da artırırdı.
– Bu səfərin sizin üçün ən dəyərli tərəfi nə oldu?
– Mənim üçün ən dəyərli məqam müxtəlif ölkələrin mədəniyyətləri ilə yaxından tanış olmaq imkanı idi. Digər iştirakçılarla ünsiyyət qurduq, təcrübə mübadiləsi apardıq. Hətta sərbəst vaxtlarımızda bir-birimizə kiçik master-klasslar keçərək milli rəqs elementlərini öyrədirdik. Bu, çox səmimi və dostluq dolu bir atmosfer yaratdı.
– Xivə şəhəri haqqında təəssüratlarınız necədir?
– Xivə şəhəri məndə dərin təəssürat yaratdı. Onun zəngin tarixi, qədim memarlıq abidələri və ümumi atmosferi bu səfəri daha da yaddaqalan etdi. Şəhərin ruhunda tarix və mədəniyyətin harmoniyası hiss olunur.
– Bu uğurunuzda kimlərin rolu var?
– İlk növbədə məni bu festivala dəvət edən Arman bəyə və TÜRKSOY beynəlxalq təşkilatına təşəkkür edirəm. Eyni zamanda mənim peşəkar inkişafımda böyük rolu olan müəllimlərimə minnətdaram. Onların dəstəyi və yönləndirməsi olmadan bu nəticəni əldə etmək çətin olardı. Festivalın yüksək səviyyədə təşkilinə görə Özbəkistan Mədəniyyət Nazirliyinə də xüsusi təşəkkürümü bildirirəm.
– Sonda gələcək planlarınız barədə nə deyə bilərsiniz?
– Belə beynəlxalq layihələrdə iştirak etmək mənim üçün çox önəmlidir. Bu, həm təcrübə qazandırır, həm də sənətkar kimi inkişafıma töhfə verir. Gələcəkdə də Azərbaycan rəqs mədəniyyətini beynəlxalq səviyyədə layiqincə təmsil etmək, yeni uğurlar qazanmaq və əldə etdiyim bilikləri daha da inkişaf etdirmək əsas məqsədlərimdəndir.
Qeyd edək ki, müsabiqənin nəticələrinə əsasən Əminə Əliyevaya II yer üzrə diplom, TÜRKSOY tərəfindən təşəkkür məktubu, “Lazgi” festivalının simvolik kuboku, 1500 ABŞ dolları məbləğində pul mükafatı, eləcə də festival simvolikası ilə hazırlanmış dekorativ əl işi boşqab təqdim olunub.























