Mayın 6-da Qubada Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestrinin konserti olub.
Konsert Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı çərçivəsində gerçəkləşib.
Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində (Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi) keçirilən konserti Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri - baş dirijoru Xalq artisti Yalçın Adıgözəlov idarə edib.
Proqramda Üzeyir Hacıbəylinin “Arazbarı”, Antonio Salyerinin “Venesiya yarmarkası” operasından uvertüra, Asəf Zeynallının “Muğamsayağı”, Vasif Adıgözəlovun “Prelüd №1” və “Lay-lay”, Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Səyahət”, Hacı Xanməmmədovun “Kamança və orkestr üçün konsert”indən II hissə, Frits Kreyslerin “Çin tamburini”, Edvard Qriqin “Per Günt” süitasından “Solveyqin mahnısı”, Niyazinin “Arzu”, Arif Məlikovun "İki qəlbin dastanı" baletindən “Komdenin arzuları”, Həsən Rzayevin “Çahargah” rapsodiyası, Astor Piatsollanın “Oblivion”, Jorj Bizenin “Arlezian süitası”ndan “Farandola”, Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı” əsərləri yer alıb.
Xatırladaq ki, Niyazi adına Dövlət Simfonik Orkestr bir gün öncə Xaçmaz şəhərində, Heydər Əliyev adına Mədəniyyət Mərkəzində çıxış etmişdi. Kollektivin daha bir qastrol konserti mayın 22-də Naxçıvanda olacaq.























