Mayın 5-də Suraxanı rayon Heydər Əliyev Mərkəzi və 36 nömrəli Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “İdeyalar yaşayır” adlı tədbir keçirilib.
Tədbirdə rayon idarə və müəssisələrin əməkdaşları, Fövqəladə Hallar Nazirliyi Akademiyası və Dövlət Gömrük Komitəsi Akademiyasının kursantları və məktəblilər iştirak ediblər.
Tədbir dahi şəxsiyyət Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyulması ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Sonra tədbir iştirakçıları Ümummilli Liderin zəngin həyatı, müstəqil Azərbaycanın inkişafı və dövlətçilik uğrunda apardığı mübarizədən bəhs edən “Böyük ömrün anları” sənədli filmini izləyiblər.
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, AMEA Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi Vəfa Mahmudova, rayon İcra Hakimiyyətinin başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Vəfa Qüdrətli, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova və 36 nömrəli Uşaq musiqi məktəbinin direktoru Raminə Ağayeva çıxış ediblər.
Qeyd olunub ki, müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanan Heydər Əliyev siyasi irsi sadəcə keçmişin xatirəsi deyil, gələcəyə aparan sarsılmaz bir yol xəritəsidir. Onun təməlini qoyduğu müstəqillik strategiyası hazırda regionun liderinə çevrilən, ərazi bütövlüyünü bərpa etmiş qüdrətli Azərbaycanın simasında öz təsdiqini tapır.
Bədii hissədə 36 nömrəli Uşaq musiqi məktəbi müəllimlərinin ifasında Ulu Öndərin vaxtilə sevə-sevə dinlədiyi mahnılar təqdim edilib.
Sonda tədbir iştirakçıları mərkəzdə Ümummilli Liderin zəngin siyasi irsini əks etdirən ekspozisiya ilə tanış olublar.























