F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə mayın 1-də Bakı şəhəri 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin (UGİM) sərgi salonunda görkəmli Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin (1835–1888) yaradıcılığına həsr olunmuş “Sözün rəngi” adlı rəsm sərgisi keçirilib.

Bu barədə Uşaq Kitabxanasından məlumat verilib.

Sərgidə Bakı şəhəri üzrə 3, 4, 7 və 8 nömrəli UGİM-lərin rəsm dərnəyi üzvlərinin, həmçinin 88 nömrəli tam orta məktəbin şagirdlərinin əl işləri nümayiş olunub. Onlar şairin “Yaxşı dost, pis dost”, “Cəhalət”, “Uşaq və kitab”, “Ayı və siçan”, “Qaz və durna”, “Padşah və bağban” kimi məşhur təmsillərini öz baxışları ilə təsvir edərək rənglərin dili ilə canlandırıblar.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Gülşən Əzimova, Abdulla Şaiqin Ev-Muzeyinin direktoru Ülkər Talıbzadə, yazıçı-publisist Xanım Aydın, uşaq yazarı Humayun Sevinc, naşir Tural Axundov iştirak ediblər.

Çıxış edən qonaqlar bu kimi təşəbbüslərin uşaqların yaradıcılıq qabiliyyətinin inkişafında, oxu vərdişlərinin formalaşmasında və milli-mənəvi dəyərlərin təbliğində mühüm rol oynadığını vurğulayıblar.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxışında bildirib ki, bu cür sərgilər uşaqların daxili dünyasını ifadə etməsinə, sərbəst düşüncə və yaradıcılıq bacarıqlarının inkişafına geniş imkan yaradır. O, diqqətə çatdırıb ki, sərgidə nümayiş olunan əsərlər əsasında xüsusi kataloq hazırlanaraq iştirakçıların yaradıcılığı sənədləşdirilib.

Sərgi çərçivəsində bədii kompozisiyalar və musiqi nömrələri də maraqla qarşılanıb.

3 nömrəli UGİM şagirdlərinin ifasında “Qaz və durna” təmsili əsasında kompozisiya nümayiş olunub. 4 nömrəli UGİM-in “Qönçə” vokal qrupu “Azərbaycan” mahnısını səsləndirib, “Dan ulduzu” rəqs qrupu “Yaylıq” rəqsini təqdim edib. M.Maqomayev adına 26 nömrəli onbirillik Musiqi məktəbi şagirdlərinin ifasında S.Ə.Şirvaninin qəzəlləri üstündə muğam parçası səsləndirilib.

Sonda sərgi iştirakçılarına diplom və tədbirin kataloqu təqdim olunub.

Seyid Əzim Şirvaninin 190 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələrək təşkil edilən tədbirin əsas məqsədi gənc nəslin milli klassik ədəbiyyata marağını artırmaq, böyük şairin zəngin irsini incəsənət vasitəsilə təbliğ etmək, uşaqlarda yaradıcı düşüncə, estetik zövq və milli-mənəvi dəyərlərə hörmət hissini formalaşdırmaqdır.