Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların əməkdaşları müasir kitabxana-informasiya texnologiyalarının tətbiqi və qabaqcıl iş metodlarının mənimsənilməsi məqsədilə Milli Kitabxanada təcrübə keçiblər.

Bu barədə Milli Kitabxanadan məlumat verilib.

Təcrübə müddətində iştirakçılar Milli Kitabxanada tətbiq olunan müasir idarəetmə mexanizmləri, fondların formalaşdırılması və təşkili prinsipləri, informasiya xidmətlərinin təqdim edilməsi üsulları, həmçinin rəqəmsallaşdırma prosesləri və elektron resursların idarə olunması sahəsində mövcud qabaqcıl təcrübə ilə yaxından tanış olublar.

Proqram çərçivəsində, həmçinin kitabxana işində beynəlxalq standartların tətbiqi, informasiya mübadiləsi sistemlərinin inteqrasiyası, istifadəçiyönümlü xidmət modellərinin qurulması və müasir texnologiyaların kitabxana fəaliyyətinə tətbiqi məsələləri də diqqət mərkəzində saxlanılıb.

Təcrübə proqramında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, eləcə də Naxçıvan şəhər, Şərur, Ordubad və Kəngərli rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərini təmsil edən ümumilikdə 10 nəfər kitabxana mütəxəssisi iştirak edib.

***

NMR Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən kitabxanaların bir qrup əməkdaşı müvafiq sahə üzrə qabaqcıl təcrübənin və müasir metodların öyrənilməsi məqsədilə aprelin 29-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında da olub.

Bu barədə kitabxanadan məlumat verilib.

Naxçıvan kitabxanaçıları Respublika Uşaq Kitabxanasında xidmətlərin təşkili, elektron kataloq sistemləri ilə iş, fondun idarə olunması, kitabların elektron sistemə daxil edilməsi, həmçinin uşaqlara yönəlmiş maarifləndirici layihələrin hazırlanması prosesini müşahidə ediblər.

Qeyd olunub ki, belə təcrübə proqramları kitabxanaçılar arasında qarşılıqlı təcrübə mübadiləsinə şərait yaratmaqla yanaşı, regionlararası əməkdaşlığın möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir.