2026-cı ilin noyabr ayında Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun (1906–1991) 120 illiyi tamam olacaq.
Prezident İlham Əliyev aprelin 30-da Lətif Kərimovun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, dünya mədəni irs xəzinəsində şərəfli mövqeyə malik Azərbaycan xalça mədəniyyətinin hazırkı inkişaf səviyyəsinə yüksəlməsində Lətif Kərimovun təqdirəlayiq xidmətləri var. Onun eskizləri əsasında toxunmuş xeyli sayda süjetli, portret xalçalar və monumental xalılar milli xalçaçılığın parlaq ənənələrini özündə yaşadan misilsiz sənət nümunələridir. Fitri istedadla yaradılan və naxışlarının ifadəliliyi, bitkin üslubu ilə seçilən dərin koloritli əsərləri sənətkara dövrün məşhur xalça ustalarından biri olaraq xüsusi şöhrət qazandırıb.
Lətif Kərimov Azərbaycan xalçalarının ornamental, kompozisiya xüsusiyyətlərini müəyyənləşdirmiş və mükəmməl sistemli təsnifatını işləyib hazırlayıb. Xalça sənətinin beynəlxalq miqyasda mahir bilicisi kimi tanınmış alimin bu istiqamətdə apardığı fundamental tədqiqatlar indi də ən çox istinad olunan mötəbər mənbələrdəndir.
Sərəncamla Mədəniyyət Nazirliyinə və Azərbaycan Milli Elmlər Akademiyasına Xalq rəssamı, xalq tətbiqi sənətinin inkişafı, tədqiqi və təbliği işinə dəyərli töhfələr vermiş Lətif Kərimovun 120 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.



















