Aprelin 29-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında maarifləndirici və mədəni əhəmiyyət daşıyan “Nağıl dünyasına səyahət” adlı tədbir təşkil olunub.
Bu barədə kitabxanadan məlumat verilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin 3 saylı uşaq evinin şagirdləri tərəfindən “Tıq-tıq xanım” xalq nağılı əsasında səhnəcik nümayiş etdirilib.
Xəzər rayonu Binə qəsəbəsi 326 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdləri tədbirdə fəal iştirak edərək səhnəciyə maraqla baxıblar.
Səhnəciyin təqdimatı zamanı nağılın əsas ideyası – dostluq, əməksevərlik və qarşılıqlı hörmət kimi dəyərlər uşaqlara aydın və təsirli formada çatdırılıb. Təqdimat balacalar üçün həm əyləncəli, həm də öyrədici xarakter daşıyaraq onların nağıl dünyasına marağını daha da artırıb.
Tədbirin davamında məktəblilər kitabxananın fondundakı ədəbiyyat nümunələri ilə tanış olublar. Onlara müxtəlif janrlarda nəşr olunmuş uşaq kitabları təqdim edilib, kitab oxuma vərdişlərinin formalaşdırılmasının vacibliyi xüsusi vurğulanıb.
Şagirdlərin kitabxananın müxtəlif şöbələrinə ekskursiyası da təşkil edilib.
Tədbirin əsas məqsədi uşaqların mütaliəyə marağını artırmaq, onları milli nağıl irsi ilə yaxından tanış etmək, mənəvi dəyərlərin aşılanmasına dəstək olmaq və yaradıcılıq qabiliyyətlərinin inkişafına şərait yaratmaqdan ibarət olub. Belə təşəbbüslər uşaqların dünyagörüşünün genişlənməsinə, sosial bacarıqlarının formalaşmasına və mədəni mühitə daha fəal inteqrasiyasına töhfə verir.






















