Aprelin 28-də Səməd Vurğunun Ev-Muzeyində böyük şairin görkəmli rus ədibi, şair, yazıçı-publisist Konstantin Simonov (1915-1979) ilə dostluğuna və yaradıcılıq əlaqələrinə həsr olunmuş tədbir keçirilib.

Muzeydən verilən məlumata görə, “Mənim dostum Səməd Vurğun” adlı poeziya axşamı “Ürəyin dörd tərəfi” yaradıcılıq klubunun təşkilatçılığı ilə gerçəkləşib.

Muzeyin direktoru Vurğun Vəkilov və “Stolitsa.rt” yaradıcılıq birliyinin rəhbəri Vəfa Məmmədova-Qavrilova çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıblar.

Poeziya axşamında hər iki şairin həyat və yaradıcılıq yoluna nəzər salınıb, onların qələm dostluğunu əks etdirən xatirələr diqqətə çatdırılıb.

Qiraətçilərin ifasında Səməd Vurğunun və Konstantin Simonovun şeirləri, poemalarından parçalar təqdim olunub.

Bədii hissədə "Gəl, ey səhər" (P.Bülbüloğlu), "Sevgilim" (R.Hacıyev), "Ay Laçın" (xalq mahnısı) və s. musiqi nömrələri səsləndirilib.