Bakıda qastrolda olan Şota Rustaveli adına Gürcüstan Milli Teatrı aprelin 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Esxilin "Zəncirlənmiş Prometey" tamaşasını təqdim edib.

Nümayişdən əvvəl çıxış edən Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov iki ölkə arasındakı mədəni əlaqələrdən danışıb. Qeyd edib ki, tamaşanın Bakı premyerası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə iki milli teatr arasında imzalanan əməkdaşlıq haqqında memorandum çərçivəsində reallaşıb.

Tamaşasının müəllifi və quruluşçu rejissoru, məşhur sənətkar Robert Sturua Bakıda, Akademik Milli Dram Teatrında çıxış etməkdən məmnun olduqlarını bildirib. “Əvvəlki qastrollarımız burada hər zaman böyük uğurla keçib. Qırx ildən artıqdır ki, bizi dəstəkləyən Azərbaycan tamaşaçısını məyus etmək istəmirik”, - deyə o əlavə edib.

Səhnə əsərində Levan Xurtsia, Manana Abramişvili, Nino Arsenişvili və digər tanınmış aktyorlar - Qoga Barbakadze, Luka Quledani, Buka Tolordava və s. çıxış ediblər. 

Səhnə tərtibatı Ana Ninua, Merab Merabişvili və Robert Sturuaya məxsusdur. Kostyumlar üzrə rəssam Ana Ninua, musiqi tərtibatçısı Svimon Canqulatşvili, xoreoqraf Kote Purtseladze, rejissor assistenti isə Tea Marqvelaşvilidir.

İkihissəli tamaşa antik faciənin klassik statikliyindən uzaqlaşaraq, onu müasir insanın daxili iztirabları ilə vəhdətdə təqdim edir. Prometey obrazı burada həm bəşəriyyətin fədakar xilaskarı, həm də dərin tənhalıq yaşayan bir qəhrəman kimi canlandırılır.