Məlum olduğu kimi, Şuşa şəhəri 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) "Turizm paytaxtı" elan edilib.
Aprelin 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının dəstəti ilə Dövlət Turizm Agentliyi tərəfindən Şuşa şəhərində “Şuşa – İƏT-in Turizm Paytaxtı 2026” tədbiri çərçivəsində Qastronomiya günü təşkil olunub.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, bu cür tədbirlər yalnız müxtəlif mətbəxlərin təqdimatı ilə məhdudlaşmır, eyni zamanda insanlar arasında əlaqələrin qurulmasına və inkişafına xidmət edir.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında qeyd edib ki, Şuşada qastronomiya tədbirlərinin təşkili artıq ənənəvi xarakter alıb və bu cür təşəbbüslər həm milli mətbəxin təbliğinə, həm də ölkənin zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.
Azərbaycanın zəngin və qədim mətbəx ənənələrinə, eləcə də qastroturizmin inkişafı üçün geniş potensiala sahib olduğunu bildirən Fuad Nağıyev bu turizm növünün inkişaf etdirilməsinin Dövlət Turizm Agentliyinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.
İƏT-in baş katibi Əsəd Məcid Xan İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üçün "paytaxt"ı seçilən Şuşada keçirilən "Qastronomiya günü"nün üzv ölkələrin zəngin kulinariya irsinin və mədəni müxtəlifliyinin parlaq nümayişi olduğu bildirib. O, bu cür təşəbbüslərin İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında turizm, mədəniyyət və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.
Tədbir çərçivəsində Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, İran və Əfqanıstanın açıq hava şəraitində qurulmuş stendlərində həmin ölkələrin qastronomiya mütəxəssisləri tərəfindən hazırlanmış, destinasiyaların qastroturizm potensialını əks etdirən əsas kulinariya nümunələri nümayiş etdirilib.
Stendlərdə hər bir ölkənin özünəməxsus qastronomiya nümunələri dequstasiya üçün ziyarətçilərə təqdim olunub.
Tədbir bədii proqramla başa çatıb.

























