Bu gün Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü tamam olur. Bu münasibətlə Respublika Gənclər Kitabxanasında xalqımızın dəyərli ziyalısı Zərifə xanım Əliyeva haqqında geniş miqyaslı informasiyanı istifadəçilərə çatdırmaq məqsədilə virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan bildirilib ki, virtual sərgidə Zərifə Əliyevanın 90 və 100 illik yubileylərinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının tam mətni təqdim edilir. Materialda akademik Zərifə xanım haqqında kitablar və dövri mətbuat nümunələri də öz əksini tapır.
Virtual sərgidə “Bir ömrün imzası”, “Akademik Zərifə xanım Əliyeva və müasir oftalmologiya”, “Zərifə Əliyeva. Ziyarətə çevrilmiş ünvanlar”, “Əbədiyaşar məhəbbət”, “Ziyalılıq zirvəsi” kimi 20-dən çox kitabın və “Zərifə xanım Əliyevanın nurlu obrazı həmişə ürəyimizdədir”, “Akademik Zərifə Əliyeva öz tədqiqatları ilə Azərbaycan tibb elmini əhəmiyyətli dərəcədə irəli aparıb”, “Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb”, “Zərifə xanım Əliyeva: zəka və zərifliyin təcəssümü” kimi dövri mətbuat məqalələrinin tam mətni yerləşdirilib.
Virtual sərgiyə kitabxananın saytında baxmaq olar.



















