F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.

Kitabxanadan verilən məlumata görə, 23–24 aprel tarixlərində 211 nömrəli tam orta məktəbin, Məmmədli kənd tam orta məktəbin (Abşeron rayonu) və Heydər Əliyev adına liseyin şagirdləri maarifləndirici görüşlərdə fəal iştirak ediblər.

Şagirdlər yazıçılar Gülzar İbrahimova və Elnarə Cahan ilə görüşərək onların yaradıcılığı, əsərlərinin ideya və mövzuları, həmçinin müəlliflik hüquqları barədə ətraflı məlumat əldə ediblər. Şagirdlərin oxu mədəniyyətinin artırılması, kitabların əhəmiyyətinin izah edilməsi və onların mütaliəyə marağının stimullaşdırılması məqsədilə müxtəlif interaktiv proqramlar və təqdimatlar keçirilib.

Bu cür görüşlərin keçirilməsində əsas məqsəd gənc nəslin kitaba, ədəbiyyata və yaradıcılığa marağını artırmaq, müəlliflik hüquqları ilə bağlı maarifləndirməni gücləndirmək və məktəblilərin intellektual-mədəni inkişafına töhfə verməkdir.