Xəbər verdiyimiz kimi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən və dünyanın ən uzunmüddətli festivalı olan Mədəniyyət Yolu Festivalı bu il altıncı dəfə keçirilir.

Ölkənin tarixi-mədəni irsini, incəsənət zənginliyini, gəzib-görməli yerlərini, turizm potensialını daha geniş miqyasda tanıtmaq məqsədi daşıyan Mədəniyyət Yolu Festivalı bu il də aprel ayından noyabradək – səkkiz ay sürəcək. Festivalın xəritəsi isə ötən ilə müqayisədə daha altı ünvana yayılaraq 2026-cı ildə ümumilikdə 26 şəhər-vilayəti əhatə edəcək.

Builki Türkiyə Mədəniyyət Yolu Festivalına ilk ev sahibliyini qədim tarixi, mədəni irsi, eləcə də qastronomik zənginliyi ilə dünyada tanınan Şanlıurfa edir.

Aprelin 25-də Şanlıurfa Muzeyinin bağçasında açılış mərasimi olan festival bu şəhərdə mayın 3-dək davam edəcək.

Mərasimdə çıxış edən Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan Şanlıurfanın “insanlıq hekayəsinin başladığı yer” olduğunu bildirib. "Bütün dünyanın heyran olduğu Göbeklitepe ilə bəşər tarixinə baxışımızı dəyişdirən bir kəşfin mərkəzindəyik. Karahantəpə və bu torpaqlarda yüksələn Taş Təpələr hövzəsi bu coğrafiyanın təkcə keçmişin deyil, həm də gələcəyin mərkəzi olduğunu bizə açıq şəkildə göstərir" – deyən Nadir Alpaslan nazirlik tərəfindən aparılan çalışmalar sayəsində son illərdə Şanlıurfanın mədəniyyət və turizm sahəsində ciddi irəliləyiş əldə etdiyini vurğulayıb.

Bölgədə aparılan bərpa işləri və muzey investisiyalarını xüsusi qeyd edən nazir müavininin sözlərinə görə, tarixi Şanlıurfa qalası, UNESCO-nun Dünya İrs Siyahısına daxil olan 12 min il tarixə malik Göbeklitəpə arxeoloji abidəsi, həmçinin Dünya İrsinin İlkin Siyahısında olan Şanlıurfa və Harran qədim yaşayış məntəqələri dünyanın diqqətini çəkir və ziyarətçi sayını artırır. 2025-ci ildə təkcə Göbeklitepeyə 800 mindən çox ziyarətçinin gəlməsi bu marağın nə qədər güclü olduğunu göstərir.

Nazir müavini deyib ki, Şanlıurfada başlanan Mədəniyyət Yolu Festivalı da bölgənin mədəni və turistik tanıtımına töhfə olacaq. “Bu, təkcə izləniləcək deyil, həm də yaşanılacaq bir festival olacaq”.

Şanlıurfa valisi Həsən Şıldak çıxışında şəhərin üçüncü dəfə Türkiyə Mədəniyyət Yolu Festivalına ev sahibliyi etdiyini diqqətə çatdırıb, bu il 26 şəhəri əhatə edəcək festivalın məhz Şanlıurfada başlanmasından məmnunluğunu bildirib.

Qeyd edək ki, Şanlıurfada doqquz gün sürəcək festivalın proqramına 21 fərqli məkanda 52 başlıq altında 159 tədbir-təqdimat daxildir. Həmçinin festival çərçivəsində həyata keçirilən “Dad nöqtəsi” layihəsi ziyarətçilərə şəhərin qastronomik kimliyini birbaşa yaşamaq imkanı təqdim edir.

Ümumiyyətlə, builki Türkiyə Mədəniyyət Yolu Festivalında bölgələrin mətbəx mədəniyyətinə xüsusi diqqət ayrılacaq. Bunu Mədəniyyət və Turizm Nazirliyinin Canlı İrs və Mədəni Tədbirlər İdarəsinin rəhbəri və festivalın direktoru Səlim Terzi də mediaya açıqlamasında vurğulayıb. O, səkkiz ay boyunca 26 şəhərdə ölkənin qastronomik zənginliyini daha geniş şəkildə təbliğ edəcəklərini bildirib.

Ötən il festivala ümumilikdə 20 milyondan çox insanın qatıldığını xatırladan Terzi “Bu il keçənilki ziyarətçi sayını keçəcəyimizi proqnozlaşdırırıq”, – deyə əlavə edib.

Qeyd edək ki, Şanlıurfadan sonra Türkiyə Mədəniyyət Yolu Festivalının may ayı üzrə daha dörd ünvanı var: Aydın (2-10 may), Mersin (9-17 may), Eskişehir (16-24 may) və Manisa (30 may – 6 iyun).

Festival haqqında ətraflı məlumatı kulturyolufestivali.com saytında almaq olar. 

 

Vüqar Orxan