Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı aprelin 25-də ingilis yazıçısı Pamela Treversin (1899–1996) "Meri Poppins" nağılı əsasında hazırlanan eyniadlı tamaşanın premyerasını edib.

Teatrdan bildirilib ki, balacaların və məktəbli tamaşaçıların böyük sevincinə səbəb olan birhissəli səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Nisə Həsənova, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.

Tamaşada Aydan Həsənzadə, Xaliq Bəkirov, Zemfira Əbdülsəmədova, Elşən Şıxəliyev, Zümrüd Quliyeva, Xəyalə Qasımova və Hüseyn Bayramov iştirak ediblər.

Meri Poppins heyvanların və quşların dilini başa düşür, bir çox heyrətamiz sirləri bilir və hətta uçmağı da bacarır! O, nağıl qəhrəmanlarını özünün sehirli dünyasına aparır, müxtəlif sirli məkanlarda gəzdirir. Müəllif Merinin simasında uşaqlarla səmimi olmağı, onların kövrək dünyasına səyahəti təqdim edir.

Qeyd edək ki, yazıçı və aktrisa Pamela Treversin nağıl qəhrəmanı Meri Poppins haqqında qələmə aldığı silsilə əsərləri (ilk kitab 1934-cü ildə nəşr olunub) müxtəlif ölkələrdə və dillərdə ekranlaşdırılıb, həmçinin səhnə həyatı qazanıb.