Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə tamaşaçılara yenidən möhtəşəm sənət bayramı təqdim edəcək.

28 may – 30 iyun tarixlərini əhatə edən II “Opera Günləri” layihəsi ölkəmizdə opera sənətinin inkişafı və təbliğinə xidmət edir.

İlk dəfə 2025-ci ildə uğurla həyata keçirilən layihə bu il daha zəngin proqram və parlaq ifalarla sənətsevərləri bir araya gətirəcək.

“Opera Günləri” milli və dünya opera irsinin təbliği, ustad sənətkarların yad edilməsi və yeni ifaçıların təqdim olunması baxımından əhəmiyyətli layihələr sırasındadır.

Layihə çərçivəsində keçiriləcək tədbirlər:

28 may – Üzeyir Hacıbəylinin “Koroğlu” operası ilə təntənəli açılış mərasimi.

13 iyun – “Teatrın tarixi simaları" – Ustad səslərə ithaf (teatrın solistlərinin iştirakı ilə): Mürsəl Bədirov – 100; Şahlar Quliyev – 80.

22 iyun – “Əsrlərdən gələn irs” – teatrın simfonik orkestri, solistləri və xorunun konserti.

27 iyun – “Kontratenor” – Əməkdar artist İlham Nəzərovun solo konserti.

30 iyun – Cüzeppe Verdinin “Otello” operasının premyerası və təntənəli bağlanış mərasimi.