Aprelin 23-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında növbəti “Müəllif saatı” təşkil olunub. Layihə çərçivəsində Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, Xalq şairi, yazıçı-publisist Sabir Rüstəmxanlı ilə XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin 7-ci sinif şagirdlərinin görüşü keçirilib.

Bu barədə kitabxanadan məlumat verilib.

Kitabxananın direktoru Şəhla Qəmbərova qonaqları salamlayıb, Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatındakı xüsusi mövqeyindən bəhs edib.

Sabir Rüstəmxanlı kitabxananın fəaliyyətini yüksək qiymətləndirərək, burada yaradılan mühitdən məmnunluğunu ifadə edib. Qeyd edib ki, kitabla dostluq edən gənclik Azərbaycanın parlaq gələcəyinin təminatıdır.

Şagirdlər ədibin həyat yolu, yaradıcılığı və əsərlərinin yaranma tarixi ilə bağlı ona suallar ünvanlayıblar.

Sabir Rüstəmxanlı sualları cavablandırarkən tarixi romanlarından bəhs edib və bu əsərlərin əhəmiyyətini gənclərin diqqətinə çatdırıb. O, “Göy tanrı”, “Difai fədailəri”, “Ölüm zirvəsi” kitablarında bəhs edərək tariximizin qəhrəmanlıqlarla dolu olduğunu vurğulayıb. Bildirib ki, “Göy tanrı” ilə köklərimizi, “Difai fədailəri” ilə milli müqavimət ruhumuzu, “Ölüm zirvəsi” ilə fədakarlığımızı dərk etməliyik.

Tədbir çərçivəsində mərkəzin şagirdləri ilə 23 aprel – Dünya Kitab və Müəllif Hüquqları Gününə həsr olunmuş viktorina keçirilib.

Tədbir sual-cavab mərhələsi ilə yekunlaşıb. Uşaqlar bir-birinə kitab hədiyyə ediblər.

“Müəllif saatı” layihəsinin məqsədi uşaqlarda kitaba, ədəbiyyata və kitabxanaya olan marağı canlandırmaq, mütaliəni bir vərdişə çevirməkdir.