Aprelin 23-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə maarifləndirici ekskursiya təşkil edilib.

Kitabxanadan bildirilib ki, tədbirdə Yasamal rayonu 133 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. 

Ekskursiya zamanı kitabxananın direktoru Aslan Cəfərov mütaliənin gənc nəslin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Diqqətə çatdırıb ki, hər bir əsərin arxasında müəllifin böyük zəhməti dayanır və bu zəhmətə hörmətlə yanaşmaq hər bir vətəndaşın borcudur.

Kitabxanaların müasir funksiyalarından bəhs edən direktor qeyd edib ki, bu gün kitabxanalar yalnız kitabların qorunduğu məkan deyil, həm də informasiya, bilik və innovasiya mərkəzləri kimi fəaliyyət göstərir. O, şagirdləri kitabxanadan fəal istifadə etməyə, mütaliəni həyatlarının ayrılmaz hissəsinə çevirməyə çağırıb.

Ekskursiya çərçivəsində şagirdlərə Dünya Kitab və Müəlliflik Hüququ Gününün tarixi və əhəmiyyəti barədə də məlumat verilib.

Məktəblilərə kitabxanadan istifadə qaydaları izah olunub, oxucular üçün təqdim edilən pulsuz internet xidməti, elektron kitabxana, elektron kataloq və müxtəlif elektron məlumat bazaları nümayiş etdirilib.

Şagirdlər kitabxananın rəsmi saytı və son dövrlərdə süni intellekt vasitəsilə hazırlanmış innovativ materiallarla da tanış olublar.