Milli Kitabxanada 23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə kitabxanadan məlumat verilib.
Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru professor Kərim Tahirov bu 1995-ci ildə UNESCO tərəfindən təsis olunan bu əlamətdar günün qeyd olunmasında əsas məqsədin kitabların keçmişlə gələcək, nəsillər və mədəniyyətlər arasında körpü rolu oynamasını bir daha ictimaiyyətə çatdırmaq olduğunu vurğulayıb.
Direktor kitab və mütaliənin insanın şəxsiyyət kimi formalaşmasında, mənəvi dünyasının zənginləşməsində, təfəkkür və idrak bacarıqlarının inkişafında mühüm rol oynadığını söyləyib.
Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Təranə Əliyeva çıxışında əlamətdar günün əsas mesajının sadəcə kitabları sevmək yox, həm də onları qorumaq, müəlliflərin əməyinə hörmət etmək və oxuma mədəniyyətini gələcək nəsillərə ötürmək olduğunu diqqətə çatdırıb.
Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə hazırlanan ənənəvi və virtual sərgi (https://anl.az/el/vsb/Umumdunya_Kitab_ve_Muelliflik_Huququ_Gunu/index.htm) təqdim olunub.
Sonda Hüquq və İnsan Haqları İnstitutunun nəşrləri iştirakçılara hədiyyə edilib.






















