Azərbaycan Dövlət Uşaq Filarmoniyası Beynəlxalq Rəqs Gününə (29 aprel) həsr olunmuş möhtəşəm konsert proqramını təqdim edib.

Filarmoniyadan bildirilib ki, aprelin 21-də Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertdə Uşaq folklor mahnı və rəqs ansamblı, müxtəlif rəqs kollektivləri zəngin və rəngarəng repertuarla səhnəyə çıxıb. Azərbaycan və dünya bəstəkarlarının əsərləri, eləcə də müxtəlif xalqların rəqsləri səhnələşdirilmiş kompozisiyalar şəklində nümayiş olunub.

Həyəcanı, sevinc dolu baxışları və səmimi çıxışları ilə tamaşaçıların ürəyinə yol tapan və səhnədə ilk addımlarını atan balaca ifaçılar da gecəyə rəng qataraq sürəkli alqışlarla qarşılanıblar.

Böyük zəhmətin, peşəkarlığın və sənətə sevginin nümayişi olan hesabat konserti yalnız rəqs nömrələri ilə deyil, həm də uşaqların səhnə mədəniyyətinin, estetik zövqünün və yaradıcılıq potensialının inkişafına yönəlmiş mühüm bir layihə kimi yadda qalıb. Rəqs vasitəsilə uşaqlarda özünəinam, komanda ruhu və milli dəyərlərə bağlılıq kimi keyfiyyətlərin formalaşdırılması bir daha nümayiş olunub.

Konsertin bədii rəhbəri Nigar Zeynalova, Uşaq folklor mahnı və rəqs ansamblının bədii rəhbəri Məhəmməd Quliyev, quruluşçu baletmeyster Zeynal Cigərxanov, balet üzrə repetitorlar Günel Təhməzova və Səbinə Cəlilova, eləcə də pedaqoq Seyran Xəlilov və digər yaradıcı heyət üzvləri tədbirin yüksək səviyyədə təşkilində mühüm rol oynayıblar.

Konsertin tamaşaçıları arasında Alyona Əliyeva, Venesuela və Fransanın Bakıdakı səfirliklərinin nümayəndələri, digər qonaqlar olublar. Uşaqların çıxışlarını maraqla izləyən Alyona Əliyeva onların istedadını və səhnə mədəniyyətini xüsusi qeyd edib.

Xatırladaq ki, 35 ilə yaxındır fəaliyyət göstərən Uşaq folklor mahnı və rəqs ansamblı beynəlxalq səhnələrdə – Şotlandiya, Moldova, Latviya, Rusiya, Türkiyə və digər ölkələrdə Azərbaycan mədəniyyətini böyük qürurla təmsil edib. Bu konsert isə kollektivin zəngin yaradıcılıq yolunun növbəti uğurlu səhifəsinə çevrilib.