Aprelin 22-də Milli Kitabxanada Xalq yazıçısı, akademik Kamal Abdullanın “Gizli “Dədə Qorqud” – yeni mənalar axtarışında” kitabının müzakirəsi keçirilib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov akademik Kamal Abdullanın Azərbaycan filologiyasının, əsasən də qorqudşünaslığın, mətn dilçiliyinin hərtərəfli öyrənilməsi və inkişafındakı mühüm xidmətlərindən danışıb. Bildirib ki, müzakirəsi keçirilən kitab Azərbaycan Yazıçılar Birliyi tərəfindən Azərbaycan Respublikasının Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına ədəbiyyat sahəsində Dövlət mükafatına təqdim edilib.
Xalq şairi Sabir Rüstəmxanlı akademik Kamal Abdullanı böyük alim və yazıçı adlandıraraq kitabı sanballı tədqiqat əsəri hesab etdiyini, kitabda dünya mifologiyası ilə müqayisələrin çox dərin elmi, bir az da poetik şəkildə təhlil edildiyini söyləyərək bu kitaba Dövlət mükafatının verilməsini bütövlükdə Dədə Qorqud adına, dastanına, aliliyinə veriləcək qiymət kimi dəyərləndirib.
Xalq yazıçısı, Dövlət mükafatı laureatı Elmira Axundova əsəri böyük qazax yazıçısı Oljas Süleymenovun “Az-Ya” əsəri ilə müqayisə edərək bu iki dahiyanə yazılmış əsərlər arasında paralellər aparıb, akademik Kamal Abdullanın Dədə Qorqud mövzusuna sadiqliyindən danışıb, onun böyük ədəbi ənənələrin daşıyıcısı kimi Dövlət mükafatına tam layiq olduğunu bildirib.
Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə nazirliyin dil və ədəbiyyat sahəsində olan bütün mütərəqqi addımları dəstəklədiyini diqqətə çatdırıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu çıxışında Kamal Abdullanın unikal və ensiklopedik zəkaya malik alim və yazıçı olduğunu vurğulayıb, onun “Gizli “Dədə Qorqud” – yeni mənalar axtarışında” kitabında həm bədii, həm də elmi yaradıcılığının əksinin tapdığını deyib.
Akademik Muxtar Kazımoğlu-İmanov Kamal Abdullanın hələ gənc yaşlarından Dədə Qorqud mövzusu ilə Musa Adilovun rəhbərliyi ilə məşğul olduğunu qeyd edib, "Kitabi-Dədə Qorqud" dastanının poetikasına giriş", "Azərbaycançılıq və "Kitabi-Dədə Qorqud" dastanı", "Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar. Mifolinqvistika” kitabları, “Beyrəyin taleyi” dramı və digər əsərlərinin adlarını çəkib, onun Azərbaycan postmodernizminin banisi hesab edildiyini, ən müasir və ən arxaik mədəniyyət sirlərinə baş vuran yazıçı olduğunu vurğulayıb.
Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas, Xalq şairi Vahid Əziz, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid və digər çıxış edənlər Kamal Abdullanın fundamental düşüncə sərgilədiyi əsərləri haqqında, həmçinin təqdimatı keçirilən kitabın orijinallığı barədə danışıblar.

























