Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzinin Qazi Universitetindəki "Azərbaycan türkcəsi tədris ocağı"nda ölkəmizin tarixi və mədəniyyətinin təbliği sahəsində genişmiqyaslı fəaliyyəti ilə tanınan “İRS” Nəşriyyat Evinin kitabları təqdim olunub.
“İRS” Nəşriyyat Evinin rəhbəri və “İRS” beynəlxalq jurnalının baş redaktoru Musa Mərcanlının iştirakı ilə “Şuşa. Zirvədən uca", “Daşları toplamaq vaxtıdır”, “Şirvanşahların minilliyi” kitablarının müzakirəsi keçilib.
Qazi Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri, professor Bülent Aksoy qeyd edib ki, müzakirə olunan kitablar Azərbaycanın, eləcə də Türk dünyasının tarixi yaddaşını əks etdirən mühüm mənbələrdir. O, Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı kimi Şuşanın daşıdığı əhəmiyyəti, Qərbi Azərbaycan torpaqlarında formalaşmış zəngin irsi, Azərbaycanın köklü dövlətçilik ənənələrinin parlaq nümunəsi olan Şirvanşahlar dövlətinin tarixini əhatə edən kitabların əhəmiyyətini vurğulayıb.
Ölkəmizin Türkiyədəki səfirliyinin müşaviri Füzuli Məcidli, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Qazi Universitetinin müəllimi, tədqiqatçı Sinan Demirtürk, eləcə də Türkiyənin müxtəlif ali təhsil müəssisələrindən alimlər Alper Alp, Meşkürə Yılmaz, Mehmet Rıza, Güray Alpar, Ömer Nizaməddin Aykurt və Ali Odabaş çıxışlarında Azərbaycan tarixi, mədəniyyəti və Türk dünyasının milli yaddaşını əhatə edən, bir-birini tamamlayan dəyərli nəşrlərin həm milli irsin qorunması, həm də onun beynəlxalq miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.
Qeyd edilib ki, Qarabağ bölgəsi və Azərbaycan həqiqətlərinin Türk dünyasında və beynəlxalq müstəvidə daha geniş tanıdılması baxımından belə elmi-mədəni təşəbbüslər böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, bu kimi nəşrlərin Türkiyədə daha geniş auditoriyaya çatdırılmasının zəruriliyi vurğulanıb.
Tədbirdə çıxış edən Musa Mərcanlı təqdim olunan əsərlərin hazırlanma prosesi barədə geniş məlumat verərək bildirib ki, “İRS” nəşrləri Azərbaycan tarixinin, mədəniyyətinin və milli irsinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən mühüm mədəni layihədir.
Sonda kitablara dair müzakirələr aparılıb, Musa Mərcanlı tələbələrin suallarını cavablandırıb.






















