18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qobustan Milli Tarix-Bədii Qoruğunda AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə birgə tədbir keçirilib.
Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, çıxışında ölkəmizdə tarixi abidələrin və mədəni irsin qorunmasına göstərilən dövlət qayğısından bəhs edib, bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun İctimai əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımov Qobustan abidələrinin Azərbaycan mədəni irsində xüsusi yer tutduğunu qeyd edib, mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb. O,qoruq kollektivinə AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent, Almaniya Arxeologiya İnstitutunun müxbir-üzvü Fərhad Quliyevin salamlarını çatdırıb və institutun nəşr etdirdiyi kitabları qoruğa hədiyyə edib.
Qobustan abidələrinin tədqiqatçısı, tarix üzrə elmlər doktoru, professor Məlahət Fərəcova qoruq ərazisindəki qayaüstü təsvirlərin bəşər tarixinin öyrənilməsində mühüm elmi mənbə olduğunu bildirib, bu irsin qorunması, sistemli şəkildə araşdırılması və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.
Panel müzakirələrində professor Məlahət Fərəcovanın “Qayaüstü incəsənəti abidələrinin qorunması: yeni metodlar və dünya təcrübəsi”, t.ü.f.d., dosent Pərviz Qasımovun “Ağdamdakı İmarət kompleksində aparılmış arxeoloji tədqiqatlar”, Qobustan Milli Tarix-Bədii Qoruğunun aparıcı elmi işçisi Sevinc Şirinlinin “Etnoarxeoloji tədqiqatlarda foto arxivin rolu”, qoruğun aparıcı elmi işçisi Şahlar Məmmədovun “Qobustan Milli Tarix-Bədii Qoruğunun təbliğatındakı prioritetləri” və digər mövzularda məruzə və təqdimatlae olub.
Tədbirin davamında iştirakçılar Qobustan qoruğunun muzey ekspozisiyası ilə tanış olublar. Proqram çərçivəsində Böyükdaş dağının yuxarı səki sahəsinə ekskursiya təşkil olunub, iştirakçılara qayaüstü təsvirlər haqqında ətraflı məlumat verilib.
Daha sonra müxtəlif sahələri əhatə edən ustad dərsləri keçirilib. Bərpaçı rəssam Cahangir Əhmədov, keramist-rəssam Səidə Musayeva, dizayner-rəssam Oksana Məmmədova və heykəltəraş-rəssam Məmməd Rəşidov öz təcrübələrini bölüşüblər.
























