Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti beynəlxalq mükafata layiq görülüb.
Dövlət Xidməti "International Business Magazine" beynəlxalq media qurumunun 2026-cı il üzrə təşkil etdiyi müsabiqədə "Mədəni irs üzrə ən yaxşı data innovasiyası" ("Best Cultural Heritage Data Innovation Azerbaijan") nominasiyasında qalib elan olunub.
Mükafat mədəni irsin qorunması və idarə olunması sahəsində innovativ yanaşmalara, xüsusilə müasir texnologiyaların tətbiqi və məlumat bazalarının effektiv idarə edilməsinə görə təqdim olunur.
Dövlət Xidməti tərəfindən həyata keçirilən layihələrdə mədəni irs obyektlərinin rəqəmsallaşdırılması, məlumatların sistemli şəkildə toplanması və idarə olunması beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda Azərbaycanın zəngin mədəni irsinin qorunması, bərpası və təbliği istiqamətində görülən işlər, bu sahədə tətbiq edilən innovativ data həlləri də xüsusi qeyd olunub.
Bu nailiyyət həm ölkəmizin mədəni irs sahəsindəki beynəlxalq nüfuzunun möhkəmlənməsinə, həm də rəqəmsallaşma istiqamətində həyata keçirilən fəaliyyətin qlobal səviyyədə tanınmasına verilən qiymətdir.
Qeyd edək ki, Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) yerləşən "International Business Magazine" tərəfindən təşkil olunan müsabiqələrdə hər il müxtəlif ölkələrdən dövlət təsisatları və özəl qurumlar, tədqiqat institutları iştirak edir.
Jurnalın mükafatları 2018-ci ildən verilir. Ötən illərdə Azərbaycandan Dövlət Sosial Müdafiə Fondu (2024), ABB (Azərbaycan Beynəlxaq Bankı, 2022), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (2025) mükafatçılar arasında olub.
Cari ildə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə yanaşı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yenə (iki nominasiya üzrə) mükafat alanlar sırasındadır.
2026-cı ilin mükafatçıları barədə ətraflı məlumat jurnalın saytında: https://intlbm.com/award-winners-2026/#tab-651024



















