Qazax Rayon İcra Hakimiyyəti və rayondakı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 17-də Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Vurğun keçib bu yerlərdən” başlıqlı tədbir keçirilib. 

Bu barədə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi (RMİ) məlumat yayıb.

Tədbirdə rayonun icra başçısı Rəcəb Babaşov, Qazax-Tovuz RMİ-nin rəisi vəzifəsini icra edən Səbuhi Xasməmmədov, digər rəsmilər, təhsil, mədəniyyət müəssisələrinin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax Filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri iştirak ediblər. 

Əvvəlcə Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunmuş kitab və rəsm sərgisi ilə tanışlıq olub.

İcra başçısı Rəcəb Babaşov tədbir iştirakçılarını salamlayıb, Səməd Vurğunun Azərbaycan ədəbiyyatının, bədii sözünün böyük ustadlarından biri olduğunu vurğulayıb.

Digər çıxış edənlər şairin dillər əzbəri olan şeirlərindən, ədəbiyyatımızı zənginləşdirən irsindən danışıblar.

Qeyd edilib ki, “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 fevral 2026-cı il tarixli Sərəncamı Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan görkəmli şairə dövlət səviyyəsində göstərilən ehtiramın bariz nümunəsidir. Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Səməd Vurğunun zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərib və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır.

Tədbirin bədii hissəsində Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı şairin əsərlərindən ibarət bədii kompozisiya təqdim olunub.

Uşaq musiqi məktəbinin “Misri” qrupunun saz ifası da tədbirə rəng qatıb.