Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunda “Tarixi irsdən gələcək şəhərə: Azərbaycanın memarlıq irsinin qorunması və inkişafı” adlı elmi konfrans keçirilib.

Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan tədbir Azərbaycanın zəngin və çoxşaxəli memarlıq irsinin qorunması strategiyalarının müzakirəsi, mövcud problemlərin və perspektivlərin müəyyənləşdirilməsi, həmçinin elmi-praktiki biliklərin mübadiləsi məqsədi daşıyıb.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün ölkəmizdə geniş qeyd olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, əlamətdar gün münasibətilə aprelin 18-də Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarında və muzeylərdə “açıq qapı” aksiyası təşkil edilib və ziyarətçilərin ödənişsiz girişi təmin edilib.

Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində böyük işlər görüldüyünü vurğulayan Dövlət Xidmətinin rəisi qeyd edib ki, bu sahəyə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi diqqət göstərir. Mədəni irsimizin qorunması, bərpası-konservasiyası, eləcə də idarə olunmasında səmərəliliyin artırılması istiqamətində ölkə başçısı tərəfindən imzalanan fərman və sərəncamlar bunun bariz nümunəsidir.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxışında memarlıq irsinin yalnız keçmişin yadigarı deyil, həm də gələcəyin şəhərsalma konsepsiyalarının əsasını təşkil etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, müasir memarlıq yanaşmaları milli irsin qorunması ilə uzlaşdırılmalı, tələbə və gənc mütəxəssislər bu istiqamətdə innovativ və məsuliyyətli yanaşma nümayiş etdirməlidirlər.

Elmi konfransda “Qarabağda işğal dövründə memarlıq irsinin dağıdılması, saxtalaşdırılması və beynəlxalq hüquqi qiymətləndirilməsi”, “Azərbaycan memarlıq abidələrinin diaqnostikası və konstruktiv möhkəmləndirilməsində müasir metodların tətbiqi”, “Memarlıq irsinin müasir metodlarla tədqiqi, qorunması və bərpası”, “İqlim dəyişiklikləri şəraitində tarixi binaların və ərazilərin qorunması” və digər mövzularda məruzələr dinlənilib.

Çıxış edənlər ölkəmizdə mövcud olan zəngin memarlıq irsinin tədqiqi, qorunması və bərpa-konservasiyasının aktual məsələlərinə diqqət çəkiblər.

Tədbir iştirakçıları daha sonra qoruq ərazisində yerləşən tarixi abidələrlə tanış olublar.

Məlumat verilib ki, Hacıqabul rayonunun Qubalı Baloğlan kəndində 60 hektarlıq ərazidə yerləşən, ümumilikdə 7 abidəni əhatə edən “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğu 2004-cü ildə yaradılıb. Pir Hüseyn xanəgahı XI-XII əsrlərə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsidir. Xanəgah kompleksinə türbə, məscid, minarə, ziyarətçilərin qalması üçün bina və yardımçı tikililər, həmçinin abidəni əhatə edən qala divarları, karvansara, Orta əsrlərə aid hücrələr və qədim qəbiristanlıq daxildir.

Qeyd edək ki, hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur. Əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub.