Aprelin 17-də Abdulla Şaiqin Mənzil-Muzeyində “Beynəlxalq Ev-Muzeyləri Günləri” çərçivəsində “Ev-muzeyləri – muzeylərin sirrini ustadlardan öyrənək!” adlı maarifləndirici tədbir keçirilib.
Bu barədə muzeydən məlumat verilib.
“Beynəlxalq Ev-Muzeyləri Günləri” İtaliyada 120 ev-muzeyini birləşdirən Milli Xatirə Evləri Assosiasiyası (Associazione Nazionale Case della Memoria), Beynəlxalq Muzeylər Şurasının (ICOM) Tarixi Ev-Muzeylər üzrə Beynəlxalq Komitəsi (DEMHIST) və Ədəbiyyat və Bəstəkarlar Muzeyləri üzrə Beynəlxalq Komitəsi (ICLCM), ICOM İtaliya və Avropa Görkəmli Şəxsiyyətlərin Ev-Muzeyləri Şəbəkəsinin təşəbbüsü ilə təsis edilib. Bu il əlamətdar günlər 18-19 aprel tarixlərində qeyd olunur.
Təşəbbüs ev-muzeylərinin mədəni irsin qorunması və təbliğində rolunu diqqətə çatdırmaq, həmçinin muzey işi sahəsində təcrübə və bilik mübadiləsini təşkil etmək məqsədi daşıyır. Ölkəmizdən bir sıra ev-muzeyləri ikinci ildir ki, bu təşəbbüsə qoşulublar.
Abdulla Şaiqin Mənzil-Muzeyi direktoru Ülkər Talıbzadə tədbir iştirakçılarını salamlayıb və qonaqları təqdim edib. Direktor “Beynəlxalq Ev Muzeyləri Günləri”nin əhəmiyyətindən bəhs edib.
Tədbirdə muzey işi üzrə mütəxəssislər – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Muzeyşünaslıq və turizm" kafedrasının müdiri Yeganə Eyvazova, kafedranın dosenti Nurlana Bağırova, ADMİU-da Almaniyanın Münxen Universitetindən (Ludwig Maximilian University of Munich) dəvət olunmuş professor olaraq çalışan Lətifə Sümerer çıxış ediblər. Dünyanın məşhur ev-muzeylərinə həsr olunmuş slayd-şou təqdim edən türk əsilli professor L.Sümerer öz təcrübəsini bölüşüb.
Qonaqlar iştirakçıların suallarını da cavablandırıblar.
























