Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Tarixi abidələr keçmişdən gələcəyə körpüdür” adlı məlumat bülleteni, virtual və ənənəvi kitab sərgisi hazırlayıb.
Kitabxanadan bildirilib ki, 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə hazırlanan virtual sərgidə 30-dan çox kitabın tam mətni təqdim olunub. Nəşrlər Azərbaycan ərazisində yerləşən dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələrini əhatə edir. Həmçinin tarixi və mədəniyyət abidələrinin beynəlxalq hüquqda qorunması məsələlərinə diqqət ayrılıb.
Sərgidə yer alan materiallar arasında “Orxon abidələrinin dilində söz yaradıcılığı”, “Gəncə şəhərinin tarixi abidələri”, “Astaranın memarlıq və arxeoloji irsi”, eləcə də milli-mədəni dəyərlərimizi əks etdirən digər nəşrlər var.
Kitabxanın rəsmi saytında (https://www.ryl.az/multimedia/18-aprel-tarixi-abidelerin-muhafizesi-gunu) yerləşdirilən virtual sərginin mühüm üstünlüklərindən biri də burada dövrü mətbuat nümunələrinin təqdim olunmasıdır.
Məlumat bülletenində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Şəhərsalma və Memarlıq İli” ilə bağlı sərəncamından sitatlar, rəsmi sənədlərin tam mətni, Respublika Gənclər Kitabxanasında həyata keçirilən “Ağıllı irs: Azərbaycan memarlığının rəqəmsal təqdimatı” layihəsi və WUF13 haqqında məlumatlar verilib. Eyni zamanda professor Gülçöhrə Məmmədovanın “Memarlıq və şəhərsalma tariximizdə Heydər Əliyev dövrü”, Üzeyir Şəfiyevin “Memarlıq və şəhər sosiologiyası”, Züleyxa Əliyevanın “Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma: "yaşıl", "ağıllı" və "rahat" adlı məqalələrin tam mətni yer alıb.
Materialların hazırlanmasının əsas məqsədi Azərbaycanın zəngin tarixi-mədəni irsinin geniş oxucu auditoriyasına çatdırılması, bu irsin qorunmasının vacibliyinin təbliği və gənc nəsillərdə tarixi abidələrə marağın artırılmasıdır.
Məlumat bülleteni də kitabxananın saytında (https://www.ryl.az/funds/melumat-b%C3%BClleteni) yerləşdirilib.



















