AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) tarix elmləri doktorları – akademik Yaqub Mahmudovun və professor Tofiq Mustafazadənin “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabının təqdimat mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə akademik Yaqub Mahmudovun əsərlərindən ibarət sərgi ilə tanış olublar. Həmçinin MEK-də yaradılan “Akademik Yaqub Mahmudovun kitablarından ibarət fond” oxuculara təqdim edilib.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabında dahi Azərbaycan sərkərdəsi Nadir şah Əfşarın həyat və fəaliyyətindən, Səfəvi torpaqlarını daha da genişləndirməsindən, Hindistanı fəth edərək yeni Əfşarlar İmperiyası yaratmasından, böyük hökmdarın Türk dünyasında məzhəb ayrılığına son qoymaq siyasətindən bəhs edilir. Yeni nəşrdə Şərq və Qərb mənbələri ilə yanaşı, Rusiya arxiv sənədlərindən və müxtəlif dillərdə nəşr olunmuş tədqiqatlardakı faktik materiallardan istifadə olunmaqla Nadir şah Əfşarın fəaliyyətinə obyektiv qiymət verilir.
AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru Güntəkin Nəcəflinin kitab haqqında məruzəsi dinlənilib. O vurğulayıb ki, indiyədək Qərb və Rusiya tarixşünaslığında Nadir şah şəxsiyyətinə qeyri-obyektiv yanaşılıb və dahi sərkərdənin xidmətləri kiçildilib. Ona görə də yeni əsər bu saxtakarlıqlara tutarlı cavabdır. Nadir şah haqqında obyektiv araşdırmaların aparılması və belə əsərlərin yazılması bu gün öz torpaqlarını 30 illik düşmən işğalından qurtarmış bir ölkənin vətəndaşlarına, əsasən də gənclərimizə bu şəxsiyyəti daha obyektiv qiymətləndirmək imkanı verir. Güntəkin Nəcəfli onu da diqqətə çatdırıb ki, müəlliflər bu əsəri əziz müəllimləri - görkəmli ziyalılarımız Ədhəm Şahmalıyev, Mehdi Erivanski, Səidə İmanzadə, Əli Sultanlı, Əbdülkərim Əlizadə, Bəxtiyar Vahabzadə və Mehbalı Qasımovun əziz xatirəsinə həsr ediblər.
Milli Məclisin deputatları Anar İsgəndərov, Hikmət Babaoğlu, Vasif Qafarov və Cavanşir Feyziyev, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli, tarix elmləri doktoru, kitabın elmi redaktoru Mehman Süleymanov, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayev və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Tahirə Həsənzadə Nadir şahın şəxsiyyəti və kitab haqqında fikirlərini bölüşüblər.
Sonda AMEA-nın müşaviri, akademik Yaqub Mahmudov tədbirin təşkilinə görə AMEA rəhbərliyinə, MEK-ə və iştirakçılara təşəkkürlərini bildirib və gənc nəsli tariximizi sevməyə, öyrənməyə, təbliğ etməyə səsləyib.























