Ev-muzeyləri yalnız tarixi məkan deyil, həm də cəmiyyətin mədəni yaddaşını qoruyan və insanları maarifləndirən mühüm mədəniyyət ocaqlarıdır. Ev-muzeyləri tarixi və mədəni irsin qorunması, maarifləndirmə və təhsil, vətənpərvərlik və mili dəyərlərin təbliği, turizmin inkişafı və mədəniyyətin təbliğində mühüm rol oynayırlar.

Artıq ikinci ildir ki, İtaliyanın Florensiya şəhərində yerləşən “Case della Memoria” Milli Assosiasiyası, Beynəlxalq Muzeylər Şurası (ICOM) Tarixi Ev-Muzeylər üzrə Beynəlxalq Komitə (DEMHIST) və Ədəbiyyat və Bəstəkarlar Muzeyləri üzrə Beynəlxalq Komitə (ICLCM) ilə əməkdaşlıq edərək "Beynəlxalq ev-muzeyləri günləri" təşkil edirlər. Bu il əlamətdar günlər 18-19 aprel tarixlərində qeyd olunacaq. Ölkəmizdə də bir sıra ev-muzeyləri bu təşəbbüsə qoşulub.

Bu münasibətlə Leopold və Mstislav Rostropoviçlərin Bakıdakı ev-muzeyində "Beynəlxalq ev-muzeyləri günləri" çərçivəsində “Klassik musiqi konserti” təşkil edilib.

Muzeydən bildirilib ki, tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin ifasında maraqlı proqram təqdim olunub. Konsertdə T.Quliyevin “Məhəbbət çırağı”, Ə.Abbasovun “Gənclik rəqsi”, Ü.Hacıbəylinin "Koroğlu" operasından "Cəngi", S.Rüstəmovun “Gözəl Şuşam” əsərləri səsləndirilib.

Tədbir çərçivəsində “Seçilən stil: Mstislav Rostropoviç üçün yaradılanlar” adlı sərgi də açılıb. Sərgidə ilk dəfə dünyaşöhrətli violonçelist, dirijor Mstislav Rostropoviçin muzeyin fondunda qorunan geyimləri (kostyumları, köynəkləri, ayaqqabısı və s.) nümayiş olunub.

Tədbirdə qonaq qismində Ü.Hacıbəyli, N.Nərimanov, S.Vurğun, A.Şaiq və digər ev-muzeylərinin əməkdaşları iştirak ediblər. Çıxış edən qonaqlar ev-muzeylərinin cəmiyyətdəki rolunu və önəmini vurğulayıblar. Ev-muzeylərində görülən işlər, bu sahədə əldə olunan nailiyyətlər və mövcud problemlər ətrafında müzakirələr aparılıb.