Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə aparıcı bədii kollektivlərin ölkə miqyaslı qastrol proqramı davam edir.
Proqram çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı aprelin 15-də Lənkəran şəhərində konsert proqramı ilə çıxış edib.
Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilən konsert Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin (RMİ) dəstəyi ilə reallaşıb.
Ansamblın ifasında Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları, milli rəqslər təqdim olunub və alqışlarla qarşılanıb.
Gəncə Dövlət Filarmoniyasının direktoru Xalq artisti Aygün Səmədzadə kollektivə göstərilən xoş münasibətə və rəğbətə görə yerli sənətsevərlərə, eləcə də konsertin təşkilində zəhməti keçən hər kəsə minnətdarlığını ifadə edib.
Lənkəran-Astara RMİ-nin rəisi Bəxtiyar Qılıncov öz növbəsində Gəncə Dövlət Filarmoniyasının rəhbərliyinə və “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının heyətinə yüksək səviyyədə nümayiş olunan konsert proqramına görə təşəkkür edib. Filarmoniyanın direktoru Aygün Səmədzadəyə xatirə hədiyyəsi təqdim olunub.
Qeyd edək ki, Gəncə Dövlət Filarmoniyasının növbəti qastrol ünvanı Mingəçevir olacaq. Filarmoniyanın kamera orkestri aprelin 23-də (saat 17:00) şəhərdəki Heydər Əliyev Mərkəzində çıxış edəcək.

























