Azərbaycan Kooperasiya Universitetinin Marketinq və menecment fakültəsinin III kurs tələbələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər. Muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrə eksponatlar əsasında açıq dərs keçilib.
Muzeyin şöbə müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülsəba Həsənova “Müasir şəraitdə muzey işinin idarəçilik prinsipləri” mövzusunda məruzə edib. O, “Muzey və arxiv işinin menecmenti” fənninin tədrisində sürətlə dəyişən dünyada muzeylərin sosial-mədəni institut kimi fəaliyyətinin təhlil olunmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, muzeylərin texniki-təchizatı müasir muzey fəaliyyətinin səmərəli təşkilində əsas amil hesab olunur və eksponatların idarə olunması keyfiyyətini müəyyən edir.
Məruzədə rəqəmsal texnologiyaların tətbiqi muzeylərin fəaliyyətini optimallaşdıraraq, fondların elektron qeydiyyatı, inventarizasiyası və təhlükəsiz saxlanması imkanlarının artırılması haqqında məlumat verilib.
Sonra muzeyşünaslıq və fond işi üzrə direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru Kəmalə Nuriyeva muzey eksponatları əsasında mədəni irsin qorunması və yeni texnologiyaların tətbiqi barədə ətraflı məlumat verib. Qeyd edib ki, müasir infrastruktura malik muzeylər yalnız eksponatların saxlanıldığı məkanlar deyil, həm də elmi tədqiqat, təhsil və beynəlxalq əməkdaşlıq platformalarıdır. Diqqətə çatdırılıb ki, muzeylərdə texniki-təchizatın müasir səviyyədə olması ziyarətçi axınının idarə edilməsində mühüm rol oynaylr.






















