Azərbaycanın Özbəkistandakı Səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənddə “Uşaq ədəbiyyatı – mədəni dialoqun təməli” devizi altında “Azərbaycan nağılları” və “Özbək nağılları” kitablarının təqdimatı keçirilib.
Kitablar Azərbaycan Mədəniyyət Mərkəzi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və “Təhsil” nəşriyyatının birgə layihəsi əsasında nəşr edilib.
Təqdimatda çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev deyib ki, ölkələrimiz arasında zəngin tarixi olan münasibətlər bu gün də bütün sahələrdə uğurla inkişaf edir. Qeyd edib ki, Azərbaycan nağıllarının özbək dilinə, özbək nağıllarının Azərbaycan dilinə tərcümə edilərək nəşr olunması iki xalq arasında mədəni əlaqələrin inkişafına töhfədir.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bu kimi nəşrlərin uşaq ədəbiyyatının inkişafı, gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Direktor bildirib ki, Mədəniyyət Mərkəzinin layihələri çərçivəsində hər il Özbəkistanın kitabxanalarına Azərbaycan haqqında tərcümə edilərək nəşr olunmuş minlərlə kitab təmənnasız şəkildə təqdim olunur.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova bu cür nəşrlərin ərsəyə gəlməsini yüksək qiymətləndirərək qeyd edib ki, belə layihələr uşaq ədəbiyyatının inkişafı və oxu mədəniyyətinin təşviqi baxımından böyük əhəmiyyət daşıyır. Bildirib ki, bu kimi nəşrlər uşaqların dünyagörüşünün formalaşmasında və onların milli-mənəvi dəyərlərlə tanışlığında mühüm rol oynayır.
“Təhsil” nəşriyyatının baş direktoru Tural Axundov kitabların yüksək poliqrafik keyfiyyətlə hazırlanmasının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, nəşriyyat bu istiqamətdə gələcəkdə də oxşar layihələrin reallaşdırılmasında fəal iştirak etməyi planlaşdırır.
Təqdimatda iştirak edən Bakı şəhəri 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin direktoru Lalə Qəti və rəssam Nərmin Abdullayeva da belə təşəbbüsləri yüksək qiymətləndirərək uşaqların yaradıcılıq potensialının inkişafına göstərilən diqqətin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova "Uşaq ədəbiyyatının Özbəkistanda təbliğinə göstərdiyi dəstəyə görə" Azərbaycanın Özbəkistandakı Səfirliyinin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri fərmanı ilə təltif olunub.




























