Aprelin 11-də Xətai Sənət Mərkəzində “Təsviri sənət kağızda” adlı yaradıcılıq sərgisi açılıb.
Mərkəzdən bildirilib ki, sərgi klassik Azərbaycan incəsənət ənənələrini yaşatmaq və kağız üzərində işlənmiş əsərlərə ictimai marağı artırmaq məqsədilə təşkil olunub.
Xalq rəssamları Arif Hüseynov, Səlhab Məmmədov, Ağaəli İbrahimov, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və digər çıxış edənlər sərginin əhəmiyyətindən danışıblar.
Bildirilib ki, sərgiyə 300-dən çox təsviri sənət ustası sərbəst mövzuda işlənmiş 600-dən çox qrafika, miniatür, sulu boya və eskiz əsərlər təqdim edib. Onların arasından seçilən 103 əsər sərgidə nümayiş olunur.
Bir çox peşəkar rəssamlar da dəstək məqsədilə öz əsərləri ilə sərgidə qonaq qismində iştirak edirlər.
Diqqətə çatdırılıb ki, tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Beynəlxalq Akvarel Qalereyası və Xətai Sənət Mərkəzidir.
Sərginin keçirilməsinə Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Xətai Rayon İcra Hakimiyyəti, Beynəlxalq Sulu boya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi dəstək verib.
Sonra müxtəlif nominasiyalar üzrə rəssamlara mükafatlar və sertifikatlar təqdim olunub.
Sərgi aprelin 14-dək davam edəcək.


























