Milli musiqimizin görkəmli nümayəndəsi, Xalq artisti, tarzən Hacı Məmmədovun (1920–1981) anadan olmasının 106-cı ildönümünə həsr edilmiş Xalq çalğı alətləri ifaçılarının I Mərkəzi Aran Regional müsabiqəsi keçirilir.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi, Göyçay şəhər Arif Məmmədov adına uşaq musiqi məktəbinin təşkilatçılığı ilə keçirilən müsabiqənin I mərhələsi 6, 8 və 10 aprel 2026-cı il tarixlərində olub.
Regional idarənin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin şagirdlərinin iştirak etdiyi müsabiqənin məqsədi milli musiqi irsimizin təbliği, xalq çalğı alətləri üzrə istedadlı ifaçıların üzə çıxarılması, gənc ifaçıların bacarıqlarını nümayiş etdirmək üçün səmərəli şəraitin yaradılması və onların peşəkar inkişafına dəstək göstərilməsidir.
Müsabiqə tar, qarmon və kamança ixtisasları olmaqla iki yaş qrupu üzrə iki mərhələdə keçirilir. İştirakçılar xüsusi qaydada seçilmiş peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilir.
I mərhələdə uğurla çıxış edən namizədlər II mərhələdə iştirak etmək hüququ qazanıblar.
Müsabiqənin II mərhələsi 15 və 17 aprel tarixlərində keçiriləcək. II mərhələnin nəticələrinə əsasən hər yaş qrupu üzrə I, II və III yerlərin qalibi seçilərək qala-konsertdə mükafatlandırılacaq.
























