Aprelin 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında tarix üzrə fəlsəfə doktoru, “İRS” beynəlxalq jurnalının baş redaktoru və “İRS Nəşriyyat Evi”nin ("Irs Publishing House") direktoru Musa Mərcanlının rəhbərliyi ilə nəşr olunmuş, ölkəmizin tarixini və mədəni irsini əks etdirən kitabların müzakirəsi keçirilib.
Müzakirəyə "İRS" seriyasından yeddi kitab təqdim olunub: “Azərbaycan. Yeni era”, “Tükənməz xəzinə”, “Şirvanşahların minilliyi”, “Dirçəliş. Başlanğıc”, “Daşları toplamaq vaxtıdır”, “Qarabağ yeni sətirdən”, “Şuşa. Zirvədən uca”. Azərbaycan, ingilis və rus dillərində nəşr olunan kitablar yüksək elmi səviyyədə hazırlanıb və ölkənin zəngin tarixi, mədəniyyəti və müasir inkişafı haqqında geniş məlumat ehtiva edir. Qeyd olunub ki, nəşri davam edən bu seriya çərçivəsində 20-dən çox kitab işıq üzü görüb.
AMEA Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli çıxışında Musa Mərcanlının zəngin yaradıcılıq yolundan danışıb və təqdim olunan nəşrlərin elmi əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, elmi və ictimai əhəmiyyəti nəzərə almaqla bu kitablar Bakı Dövlət Universiteti tərəfindən 2026-cı il Dövlət Mükafatına namizəd kimi irəli sürülüb.
Vurğulanıb ki, bu nəşrlər Azərbaycanın beynəlxalq aləmdə daha geniş təbliğinə töhfə verir. Müasir dövrdə ölkənin dünyada nüfuzu artmaqda davam edir və bu kimi layihələr bu prosesə əhəmiyyətli töhfə verir.
Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyevin sözlərinə görə, təqdim olunan nəşrlər uzunmüddətli elmi fəaliyyət və peşəkar komanda işinin nəticəsidir. Bildirib ki, universitetdə bu sahədə mühüm layihələr həyata keçirən Mədəni İrs Tədqiqat Mərkəzi fəaliyyət göstərir.
Nəşrlərin əsas məqsədi barədə danışan layihə rəhbəri Musa Mərcanlı kitabların uzun illər ərzində Azərbaycan həqiqətlərini müxtəlif dillərdə beynəlxalq ictimaiyyətə çatdıran “İRS" beynəlxalq jurnalı əsasında hazırlandığını diqqətə çatdırıb.
Qeyd edilib ki, tarixi Qələbə ideyasına əsaslanan kitablar Qarabağ reallıqlarını, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan hazırkı mərhələni, eləcə də Azərbaycanın siyasi, mədəni və ideoloji proseslərini və ölkənin zəngin tarixi irsini əks etdirir.























